"Mənim balamı cənab İlham Əliyev azad etdi" - HÜSEYN AXUNDOVUN ANASI

"Mənim balamı cənab İlham Əliyev azad etdi" - HÜSEYN AXUNDOVUN ANASI

Dekabrın 13-də Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub. Proses zamanı Ermənistan tərəfindən isə Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub. Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib. SİA Hüseyn Axundovun anası Şəlalə Axundovanın təəssüratlarını öyrənib.

Şəlalə Axundova: "Çox ama çox xoşbəxtəm. O qədər sevinirəm ki. Balamı efirdən canlı-canlı izlədim. Cənab Prezidentimizə bu sevinci bizə bəxş etdiyi üçün dönə-dönə minnətdaram. Allah ona ömür versin. Mənim balamı cənab İlham Əliyev azad etdi. Ürəyimdə o qədər arzularım sözlərim var ki... Hazırlıq görürük. Amma Hüseynin evimizə nə vaxt gələcəyini hələ bilmirəm. Uşaqlar əllərində bayraq Hüseyni qarşılamağa hazırlaşır".

Qeyd edək ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə