"Bu cür sərnişinlərin metrodan istifadə etməmələri məqsədəuyğundur” - QURUM RƏSMİSİ AÇIQLADI

"Bu cür sərnişinlərin metrodan istifadə etməmələri məqsədəuyğundur” - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı Metropolitenində sanitar-gigiyenik normaların təmin olunması dayanmayan prosesdir. Hər bir sahənin özünəməxsus xüsusiyyətlərindən asılı olaraq normativlərə uyğun şəkildə proses təmin olunur. Gün ərzində stansiyalarda sərnişinlər də bu prosesləri müşahidə edirlər. Metropoliten daxilində hər bir yerin xüsusiyyəti, tələbatı, sərnişin istifadəsinin intensivliyi nəzərə alınaraq, təmizlik işləri mütləq şəkildə davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metropoliten yarandığı gündən bu günə qədər sanitar-gigiyenik qaydalar daim xüsusi nəzarət altında olan məsələ olub: “Hətta bu məsələyə görə Bakı Metropoliteni dünyada ən nümunəvi yeraltı nəqliyyat vasitələrindən biri hesab edilir. Pandemiya kimi xüsusi hallarda isə proses müvafiq qurumlarla birgə aparılır. Keçdiyimiz Covid-19 pandemiyası dövründə də bunun şahidi olduq.

Bakı Metropolitenindən istifadə qaydalarında sərnişinlərin də bu sahədə özünəməxsus məsuliyyəti var. Yəni, təmizliyə riayət olunması ilə yanaşı dövrü-mövsümü xəstəliklərə yoluxan sərnişinlər Bakı Metropolitenindən istifadə etməmələri məqsədəuyğundur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə