Novxanıda “Sərhədçi” Atçılıq Mərkəzinin qərargah binasının açılışı olub - FOTOLAR

Dekabrın 11-də Abşeron rayonunun Novxanı kəndində “Sərhədçi” Atçılıq Mərkəzinin yeni istifadəyə verilmiş qərargah binasının açılışı olub. SİA xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Cavid Abdullayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrasının davam etdirildiyini xüsusi vurğulayıb, ölkəmizdə atçılığın inkişafı, güclü idmançıların yetişdirilməsi, gənclərin sağlam ruhda tərbiyə olunmasını bildirərək hərbi hissədə qərargah binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib.

Sonda tədbir iştirakçılarına hərbi hissənin tarixini əks etdirən fotoguşə nümayiş etdirilib, qapalı manejdə süvarilərin atlarla xüsusi fəndlərdən istifadə etmələrinə dair konkur, açıq manejdə isə cövkən yarışları təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə