Qadını nikaha daxil olmağa məcbur edənlər necə cəzalandırılır? - VƏKİL AÇIQLADI

“Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsində qadını nikaha daxil olmağa məcburetmə cinayəti öz əksini tapmışdır. Belə ki, qadını nikaha daxil olmağa məcburetmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “Eyni zamanda həmin Məcəlləyə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə – üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vəkil sözlərinə belə davam edib: “Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Əgər yetkinlik yaşına çatmayan şəxsin valideynləri onu nikaha daxil olmağa məcbur etmişlərsə və bu hal kifayət qədər mötəbər dəlillərlə təsdiqini tapırsa onlar cinayət məsuliyyəti daşıyırlar.

Ümumiyyətlə, qanunvericilik nikah yaşını 18 yaş müəyyən etmişdir. Bu yaşdan aşağı şəxsin nikaha daxil olması qəti qadağandır. Bəzi hallarda müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə