Ana-ata olmağa hazırlaşan şəxslər bunu niyə gizlədir? - PSİXOLOQ AÇIQLADI

“Ailə kiçik bir dövlətdir. Onun bəzəyi də övladdır. Övladın dünyaya gəlişi ailəyə sevinc, bununla bərabər yeni vəzifələr gətirir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Günel Allahverdiyeva sözlərinə belə davam edib: “Bilirik ki, hər cəmiyyətdə uşağın yeri ayrıdır. Bəzi ailələrə görə, övlad Tanrının hədiyyəsi və təbiətin qanunudur. Bəziləri əsl ata və ana olmaq arzusu ilə, yəni o məsuliyyəti öz üzərinə götürüb o hissi yaşamaq, digərləri isə evlilik bağlarını möhkəmləndirmək, nəsli davam etdirmək üçün övlad sahibi olmaq istəyirlər. Bu istəyə sahib olmaq qadınlarda müxtəlif hisslər yaradır. Psixoloji olaraq bu hisslər ailədə müxtəlif qorxu və narahatlığa səbəb olur.

Çox vaxt övlad sahibi olan ailələr bu hissi ətrafdakılardan gizlədirlər. Bunun əsas səbəbi nəzərə inanmaq və utancaqlıq hissidir. Bəd nəzər kənar şəxslər, şüurlu sürətdə hamilə qadına pislik arzulayan və ya sadəcə paxıl insanlar tərəfindən dəyə bilər.

Digər səbəb isə utancaqlıq hissi ilə əlaqəlidir. Utanmaq səbəbi ilə onlar bu sevinci dost-tanışdan gizlədir və müəyyən müddət başqa insanlardan uzaqlaşırlar. Bütün bunlara baxmayaraq Allah bu xoşbəxtliyi bütün ailələrə qismət etsin, övlad sahibi olmaq hissini hər bir ailə dadsın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə