"Soyuq əllər, isti ürək"-də BİR GÜN - SORĞU

7 ildir ki, “Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə, qonaqlarına əsl Yeni il ab-havasını və sehrli əhval-ruhiyyəsini bəxş edir. Bu yarımarkaya insanlar kütləvi şəkildə axın edir. Yalnız ailəvi dostları ilə buraya gələn insanlar günlərini gözəl keçirməyə çalışırlar. Bəs onlar burada daha çox nəyi sevirlər və qiymətlərdən razıdırlarmı? Satıcılar satdıqları məhsulların qiymətləri barədə nə düşünür? Bu barədə satıcı, şəhər sakinləri, hətta azyaşlı uşaqlar SİA-ya açıqlama veriblər.

Dönərçi Zahid Həsənov: "Hər il burada satış edirəm. Müştərilərin sayı çox olur. Bu say hava şəraitindən asılı olaraq dəyişir. Günəşli günlərdə satış daha yaxşı olur. Ən ucuz qiymətlər bizdədir. Dönər+ayran 3 manatdır".

Satıcı Anar Rzayev: "Müştərin sayı çox olur. Yarımarkada ən çox alınan tantunidir. Qiymətləri biz müştəriləri düşünərək nəzərə almışıq. Ayran da üstündə hədiyyə veririk deyə çox sərfəlidir".

Satıcı Elnarə Qafarova həftənin hansı günlərində satışın yaxşı olduğunu qeyd edir: "Altı-bazar satış daha çox olur, çünki hamının istirahət günüdür. Ona görə də hamı bura axın edir. Bizdə də satışlar həmin gün yaxşı gedir".

Dönərçi Əmran Emilov: "Altı-bazar satış daha çox olur. Üstünlük daha çox toyuq dönərinə verilir. Hər iki dönərdə qiymətlər 2 manat 50 qəpikdir".

Satıcı Alirza Alirzalı bildirir: "Kofelərimizin qiyməti "Soyuq Əllər, isti ürək"-də ən ucuz qiymətlərdir. Bu bizim ilk ilimizdir ki, burada satış edirik".

Şəhər sakinlərinin buradakı qiymətlə bağlı fikirlərinə gəldikdə isə şəhər sakini Sevinc İsmayılova bildirir: "Qiymətlərdən o qədər də razı deyiləm. İnsan burada çox olur deyə bəzi şeylərin qiymətini 5 qat daha baha qoyurlar. Yeni il abu-havası, əyləncə normaldır. Mən də olsam, qiyməti artıq edərdim. İnsanlara çox maraqlı gəlir deyə buraya daha çox üz tuturlar".

Şəhər sakini Fərid Baxışov: "Dövlətimiz hər şəraiti yaradıb. Bura çox əyləncəlidir, ona görə insanlar bu məkana çox axın edir. Qiymətlərə gəldikdə isə çox razıyam".

Şəhər sakini Aslan Zülfüqarlı: "Son üç ildir, bura gəlirəm. Qiymətlərdən razıyam. Ən çox buradakı yeni il abu-havasını bəyənirəm".

Şəhər sakini Leyla Zeynalova: "Qiymətlər normaldır. İmkanı olmayanların da ala biləcəyi nələrsə var. Buranın ildə bir dəfə açılışı olduğu üçün insanlara maraqlı gəlir və daha çox üz tuturlar".

Azyaşlı uşaqlar da burada nəyi sevdikləri barədə fikirlərini bölüşdülər.

İnci Orucaliyeva: "Burada ən çox şaxta babanı bəyənirəm".

İpək Orucalıyeva: "Mən də burada şaxta babanı xoşladım".

Leyla Abbasova: "Xoxan" adlı qorxulu, əyləncəli yeri bəyənirəm".

Bura gəlib "Şaxta baba"nın fikrini almamaq olarmı?! "Şaxta baba" - Ramiz Mehdiyevə uşaqların çox hissəsinin niyə Şaxta babaya çox inanmadığı sualını ünvanladıq.

Ramiz Mehdiyev: "Əvvəlki kimi çox inanmırlar. Səbəb isə sosial medialardan alınan informasiyalardır ki, uşaqlar çox şeyləri dərk edir".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə