Köhnə avtobus və məsuliyyətsiz sürücülər - İnsan ölümünə səbəb kimdir?

Bu ilin 9 ayı ərzində respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1806 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Baş Dövlət Yol Polisi məlumat yayıb. Təəssüflə qeyd edək ki, qəzalar nəticəsində avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb. Bu qəzaların artmasının başlıca səbəblərindən biri kimi avtobusların köhnəlmiş və yararsız olması göstərilir. Yol nəqliyyat hadisələrinin artmasının digər səbəbi isə sürücülərin məsuliyyətsizliyi, qeyri-peşəkar davranışı, qayda pozmağa meyilli olmalarıdır. SİA ekspertlərin fikirlərini öyrənib.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirir ki, sürücülərin peşəkarlığının artırılması olduqca vacib məsələdir. Sürücülər öz məsuliyyətini dərk edərsə, yəqin ki, yol qəzalarının həm sayı azalar, həm də faciəvi nəticələr bu qədər olmaz. Avtobus sürücülərinin peşə hazırlığında fərqli yanaşmalar var. Həmin yanaşmalar tətbiq olunmalıdır. Sürücülərin iş və istirahət rejiminə nəzarət olunmalıdır. Nəzarət güclü olmalıdır ki, vaxtında istirahət etsinlər. Yorğun vəziyyətdə, əsas da, gecə növbəsində xəstə vəziyyətdə çıxmasınlar. Belə hallar da ciddi qəza riskləri yaradır. Təhlükəsizliklə bağlı sürücülərin davranışı ən yüksək səviyyəyə qaldırılmalıdır. Onlar digər sürücülərdən daha etibarlı və peşəkar olmalıdırlar. Texnikanın köhnə olması ilə bağlı problem iqtisadi problemdir. Həmin köhnə texnikanı aradan qaldırmaq üçün ümumiyyətlə ictimai nəqliyyata sərmayə qoyulmalıdır, avtobus parkı yenilənməlidir. Bakı ətrafı kənd və qəsəbələrə işləyən avtobusların yararsız olması ilə bağlı məsələ tez-tez gündəmə gəlir.

Bəs niyə hələ də paytaxt Bakının köhnə avtobus problemi öz həllini tapa bilmir?

AYNA-nın mətbuat katibi Tural Orucov: "Müntəzəm sərnişin daşımanı həyata keçirən avtobuslar gündəlik rels qabağı texniki baxışdan keçirilir. Sürücülər isə tibbi müayinəyə cəlb olunurlar. İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədi ilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsinə şəffaflığın təmin edilməsi məqsədi ilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər". Hər dəfə xəttə yeni avtobusların gətiriləcəyi bildirilsə də, görünən budur ki, problemin həlli hələ də yubanmaqdadır. Belə davam edərsə, yararsız avtobuslar xəttə olduğu, səhlənkar sürücülər sükan arxasında olduğu təqdirdə faciəvi nəticələr bir o qədər də yüksək olacaq".

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə