Qadın razı deyilsə, kişi boşana bilməz? - AYDINLIQ GƏTİRİLDİ

“Boşanma zamanı uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, boşanma zamanı ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir: “Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır.

Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə Mediasiya təşkilatına müraciət etməlidir”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Mediasiya Şurası tərəfindən təyin edimiş mediator tərəfləri barışdıra bilmədiyi təqdirdə isə tərəf məhkəməyə müraciət etməlidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 2.4. Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Həmin Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə