Məlumdur ki, bu gün Azərbaycanda dekabrın 7-də yerli vaxtla 8:15-də 50 saniyə müddətində zəlzələ baş verib. Zəlzələnin yaratdığı təəssüratla bağlı SİA Bakı sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Vüqar Əliyev: “Zəlzələni qarajda hiss etdim. -3 mərtəbədə yerləşən qarajda maşını qızdırırdım. Maşın yellənirdi. Uzun müddət davam etdi. Panika keçirmədim. Sakit qarşıladım. Hiss etdim ki, zəifdir, qorxmadım”.

Şəhər sakini Fidan Melidova: “Universitetdə idim. Bir anlıq başım fırlandı. Elə bildim ki, başım fırlanır. Sonra anladım, zəlzələdir. 5 bal gücündə idi. Panika keçirmədim”.

Şəhər sakini Rasim Babayev: “Evdə olsam da, elə hiss etdim ki, bina üstümə gəlir. Mən 2000-ci ildə zəlzələ görmüşəm. Ona görə nə baş verdiyini başa düşdüm. Çilçırağın tərpənməsinə çatıb baxa bilmədim, mətbəxdə idim. Çox güclü idi. Çoxdan idi ki, belə zəlzələ baş verməmişdi. Allah heç kimə belə imtahan yaşatmasın. Panika yaşamadım, biz belə şeyləri görüb gəlmişik. Çətin məsələdir, olmasa yaxşıdır. Allah hamımızın köməyi olsun”.

Şəhər sakini Günay Həsənova: “Evdə idim, universitetə getmək üçün hazırlaşırdım. Birdən gördüm ki, dəhşətli nəsə baş verir. Qapılar sirkələnir, hamı qışqırır. Zəlzələ olduğunu anladım, amma evdən çıxmadım. Mən 17-ci mərtəbədə tək yaşayıram. Valideynimə zəng edib xəbər verdim. O da dedi ki, heç yerə çıxma, gözlə, panikaya düşmə. Öz-özümü sakitləşdirdim. Çox güclü idi, qapılar bir-birinə dəyirdi. Binadakılar aşağı düşmüşdülər. Mən də sonra dərsə getdiyim üçün, həm də özümü sərbəst hiss etmək üçün aşağı düşdüm”.

Şəhər sakini Zeynəb Əzimzadə: “Evdə idim, universitetə getmək üçün hazırlaşırdım. Əvvəlcə bacım hiss etdi, mənə dedi. O zaman gördüm ki, həqiqətən də, çilçıraq yellənir, soyuducunun üstündə bəzi əşyalar var idi, onlar silkələnir. Sonra telefonuma zəlzələ ilə bağlı bildiriş gəldi. Çox da panikaya düşmədim. Biz həyət evində yaşayırıq. Ona görə də, təsirini güclü hiss etmədik”.

Şəhər sakini Gülər Nəbiyeva: “Mən evdə idim. 2-ci mərtəbədə yaşadığımız üçün hiss etmədim. Amma oğlum 11-ci mərtəbədə yaşayır, onlar hiss ediblər. Narahat olub mənə də zəng etmişdilər ki, qorxmuşam, ya yox? Dedim ki, yox, hər şey normaldır. Hündür mərtəbəli binalarda daha çox hiss olunub, aşağılarda elə də hiss olunmayıb. Bizim qızlar metroda idilər, onlar da hiss etməyiblər”.

Şəhər sakini Narıngül Babayeva: “Mən Əhmədlidə yaşayıram. Az hiss etdim. Zəng gəldi, dedilər ki, çilçırağa baxın, görün yellənir? Baxıb gördüm ki, yellənir. Ani 1 saniyə baş verib keçib getdi. O qədər də hiss etmədim. Panika da yaşamadım. Çünki bilirdim ki, zəlzələnin ilk həmləsi güclü olur, sonra zəifləyir. Bildim ki, zəif olacaq. Sosial şəbəkələrdə də gördüm, xəbər yayılmışdı”.

Şəhər sakini Aygün Cəfərova: “Mən dəhşətli hiss etdim. Səhər işə hazırlaşırdım. Bir də gördüm ki, çilçıraq da, mən də - hər şey yellənir. Cəld həyətə çıxdım. Panika keçirirdim. Hətta qonşular da sonra bizə yığıldılar, bir az özlərinə gəldilər. Mən bina evində yaşayıram. Allah bir də göstərməsin, çox pis idi. Bir anlıq insanın həyatı gözünün önündən keçir”.

Şəhər sakini Elvin İsmayılov: “Səhər mən evdə idim, işə gəlməyə hazırlaşırdım. Saat 9-a 15 dəqiqə işləmiş olardı. Birinci oradan bildim ki, stəkandakı su yellənirdi. Sonra aydın şəkildə hər şeyin silkələndiyini gördüm. Künc yerdə, əyilib divanın yanında özümə yer tapıb oturdum, zəlzələnin keçməsini gözlədim. Çox da panika keçirmədim. Düzdür, mən hündür mərtəbəli binada yaşayıram. Bizim binada çox hiss edildi. Amma o qədər də qorxmadım”.

Şəhər sakini Rəsul Məhərrəmov: “Səhər idi, yatmışdım. Atam oyatdı ki, zəlzələ baş verir. Evdən çıxdıq. Biz Mehdiabad ərazisində, həyət evində yaşayırıq. Bir az gözlədik, zəlzələ bitəndən sonra evə girdik. Az hiss etdik, çox da panika yaşamadıq”.

Şəhər sakini Elvin Qasımov: “Mən yatmışdım, panika da keçirmədim. Təxminən 4-5 bal gücündə olardı. Yayda baş verən zəlzələdən güclü idi. Bina evində yaşayıram”.

Şəhər sakini Aydın Acalov: “Hamamda idim hiss edəndə. Bina evində yaşayıram. Bir az həyəcan yaşadım, çünki təzyiq xəstəsiyəm. Güman etdim ki, yəqin təzyiqim oynadı. Sən demə, zəlzələ imiş. Gördüm ki, güzgü də hiss olunacaq dərəcədə yellənir. Haradasa, 4 bal gücündən aşağı olardı. Ancaq titrəyiş hiss olundu”.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB