"Dünya yalnız insanların deyil" - ŞƏRH EDİLDİ

"Dünya yalnız insanların deyil" - ŞƏRH EDİLDİ

“Ekologiya bu gün ən vacib sahələrdən biridir. Artıq dünya özünün elə bir mərhələsinə qədəm qoyub ki, ekologiyaya xüsusi münasibət olmazsa, dünya öz-özünü dağıtmaq ərəfəsinə qədəm qoyar. Təbii ki, bu məsələ bütün dünya dövlətlərini narahat edir. Təsadüfi deyil ki, hazırda dünyanın bir çox ölkələri Dubayda keçirilən "COP-28" adlanan böyük bir tədbirdə iştirak edirlər və dünyanın gələcək taleyinin istiqamətini müəyyənləşdirirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, bu gün bütün dünya iqtisadi inkişafa nail olmaq istəyir: “Bu isə yüksək səviyyədə təhsil almaqdan keçir və bu təhsil nəticəsində yüksək texnologiyaların tətbiqi mühüm məsələdir. Bütün bunlar iqtisadi inkişafa hədəflənən amillərdir. İqtisadi inkişaf isə artıq dünyada ekologiyanın bir komponentinə çevrilib.

Ekoloji mədəniyyət və təhsil artmadan ekoloji cəmiyyət qurmaq mümkün deyil. Ekoloji cəmiyyətin qurulması üçün hər bir fərd anlamalıdır ki, dünya yalnız insanların deyil. Dünyada yaşayan milyonlarla müxtəlif canlı varlıq var. Unutmamalıyıq ki, insan dünyanın bir parçasıdır. Bu amillərin üstün tutulduğu cəmiyyətlər ekoloji cəhətdən təmiz ola biləcəklər. Təəssüflər olsun ki, hazırda iqtisadi baxımdan inkişaf etmək istəyən dövlətlərin bir çoxu bunu ekologiyaya zərər vuraraq həyata keçirir. Amma artıq yeni bir dünyanın astanasındayıq. Bu gün Azərbaycan dövlət olaraq yeni bir mərhələyə qədəm qoyub. Belə ki, yaşıl enerjidən, külək enerjisindən istifadə şərtləndirilir. Azərbaycanda ekologiyanın qorunması dövlət siyasəti səviyyəsində aparılır. Bu istiqamətdə işlərin görülməsi üçün yeni texnologiyaların da inkişafına xüsusi önəm verilir. Ümumilikdə ekologiyanın qorunması və bu istiqamətdə təhsil səviyyəsinin yüksəldilməsi üçün mütləq şəkildə maarifləndirmə işləri aparılmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə