Ailələr niyə mədəni şəkildə boşana bilmir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Cütlüklər düşmən kimi boşanır və ayrılandan sonra hər kəs özünü haqlı göstərmək üçün bir-birinə şər atmağa başlayır. Ancaq onlar başa düşməlidir ki, bir evlilik bitirsə, bunun günahkarı hər iki tərəfdir. Tərəflər boşanandan sonra uşaqlarla bağlı manipulyasiya cəhdləri də artır. Halbuki uşaq beyninin buna necə reaksiya verəcəyindən xəbərsizdirlər". Bu sözləri SİA-ya psixoloq Aygül Məlikova deyib.

Onun sözlərinə görə, tərəflər uşaqlarını fikirləşmədən, hərə öz "həqiqətlərini" guya uşaqlarının yaxşılıqları kimi yeridirlər: "Daha bir vacib məqam ondan ibarətdir ki, bəzən boşanandan sonra tərəflər bir-birinə müxtəlif mənəvi və fiziki zərər verir. Belə hallardan qorunmaq üçün qanunvericiliyimizdə müəyyən cəza tədbirləri həyata keçirilir".

"Belə bir məsəl var: “Evlənmədən qabaq gözlərinizi dörd açın, amma evlənəndən sonra yumun”. Hərçənd hər şeyə göz yummaq da olmur. Ərlə arvad bir-birilə ünsiyyət qura bilmirsə, cinsi həyatları yoxdursa, xəyanət var və hələ də davam edirsə, narkotik aludəçiliyi, zorakılıq varsa, yaxud qarşındakı insan psixoloji xəstədirsə bu zaman boşanmaq ən uyğun çıxış yolu olmalıdır. Bəlkə də ən doğrusu evlənməmişdən qabaq özümüzdən “Bu adamla mədəni şəkildə boşana bilərəmmi?” soruşmaqdır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə