Qızılcaya yoluxma hallarının artmasının əsas səbəbi BƏLLİ OLDU - DEPUTAT FİKİR BİLDİRDİ

Qızılcaya yoluxma hallarının artmasının əsas səbəbi BƏLLİ OLDU - DEPUTAT FİKİR BİLDİRDİ

"Son günlər KİV vasitəsilə qızılcaya yoluxma hallarında günü-gündən sayın artdığını görürük. Hətta qızılcaya yoluxan uşaqlar arasında ölüm faktları ilə də rastlaşırıq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, qızılcaya yoluxma hallarının bu şəkildə sürətlə artmasının əsas səbəbi uşaqların peyvənd olunmamasıdır: "Bu gün Azərbaycanda peyvəndlənmə prosesi könüllüdür. Yəni valideynlər könüllü surətdə peyvəndlənmə prosesinə qoşula bilərlər. Amma əfsuslar olsun ki, günümüzdə valideynlər bu məsələyə çox laqeyd yanaşır, peyvənddən imtina edirlər. Bu isə sonda uşaqların qızılca virusuna yoluxduğu zaman xəstəlik müddətini daha ağır keçirməsi ilə nəticələnir. Peyvəndlənmənin əsas üstünlüyü ondan ibarətdir ki, uşaq virusa yoluxduqda xəstəliyi daha yüngül formada keçirsin. Peyvəndlənmə olmadıqda isə xəstəlik fəsadlara səbəb olur, hətta ölümlə də nəticələnə bilir.

Qızılca yeni bir infeksiya növü deyil, lakin əvvəlki dövrlərdə peyvəndlənmə prosesi daha ciddi xarakter daşıyırdı. İndi isə valideynlər peyvəndlənmədən qaçır. Buna görə də onlar maariflənməlidir ki, peyvəndin nə dərəcədə əhəmiyyətli olması ilə bağlı daha dərin məlumatlara yiyələnsinlər".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə