Kibercinayətkarlığa qarşı hansı tədbirlər görülməlidir? - MÜTƏXƏSSİS DANIŞDI

Kibercinayətkarlığa qarşı hansı tədbirlər görülməlidir? - MÜTƏXƏSSİS DANIŞDI

"Fərdi məlumatların qorunması və kibergigiyena kibercinayətkarlığa qarşı mübarizə tədbirlərini əhatə edir. Kibergigiyena tədbirləri fərdi məlumatları kiber insidentlər, kiber təhlükələr və kiber talançılıqdan qorumağın yollarından bəhs edir. Fərdi məlumatları qorumaq, şifrələri təyin etmək, internetdə gəzərkən oradakı tələlər, təhlükə yaradan saytlar, yükləməməli olduğumuz fayllar, proqramlar və s. – bütün bunlara diqqət etmək lazımdır. Bəzi saytlara daxil olarkən bildiriş gələ bilər ki, bu saytın SSS sertifikatı (təhlükəsizlik sertifikatı) yoxdur. SSS sertifikatı olmayan sayta daxil olanda məlumatlarımız oğurlana bilər. Brauzer bizi təhlükələr barədə xəbərdar edir, lakin çox vaxt fərqinə varmırıq və ya bunun nə olduğunu bilmirik”. Bu sözləri SİA-ya İKT sahəsi üzrə mütəxəssis Elvin Abbasov deyib.

Ekspert bildirib ki, sosial şəbəkələrdən istifadə edərkən də diqqətli olmaq lazımdır: "Profilimizin və ya səhifəmizin oğurlanmaması üçün bizə təklif olunan botların üzərinə tıklamamalıyıq. Şəxsi hesablarımızı oğurlamaq üçün bizə gələn təsdiq kodunu istəyirlər, onu paylaşmamalıyıq”.

İKT mütəxəssisi deyib ki, həmçinin dələduzluq yolu ilə bank hesablarının oğurlanması da kibercinayətkarlığın bir növüdür: “Şəxsiyyət vəsiqəsindəki məlumatları, bank kartının cvv kodunu heç bir halda paylaşmaq olmaz. Məsələn, xaricdən mal sifariş verəndə logistika saytına daxil oluruq. Və ya xəstəxanada şəxsiyyət vəsiqəsinin FİN kodunu istəyirlər. Daha sonra həmin saytlar və ya klinikalar yolu ilə bizim məlumatlarımız ələ keçirilib, pul vəsaitlərimiz oğurlana bilər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə