Tanınmış həkim, filosof, çox maraqlı insan, 44 il bundan qabaq Sumqayıtda ilk dəfə Ruhi Əsəb Dispanserini yaratmış, tibb üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı, Əməkdar həkim Mayılxan Tağıyevin 2023-cü ilin dekabr ayının 5-də 75 yaşı tamam olur. Biz, redaksiyamız adından Mayılxan həkimi 75 illik yubileyi münasibətilə çoxminli oxucularımız adından təbrik edirik və ona müqəddəs tibb sahəsindəki işlərində daha böyük uğurlar diləyirik. Onu da vurğulamaq istəyirik ki, Respublikamızda ilk dəfə tibblə bağlı özəl tibbi xidməti də Mayılxan Tağıyev yaradıb. Onun yaratdığı və rəhbərlik etdiyi “Hippokrat” Elm-İstehsal Tibb Müəssisəsi təkcə Sumqayıtda yox, Respublimmızda da çox tanınır. Məhz Mayılxan həkimin sayəsində bu gün xəstələrin ümid qapısı bildiyi tibbi müəssisədir. Onu da vurğulamaq istəyirik ki, 99 faiz ölümlə nəticələnən şizofreniyanın katataniya forması xəstəliyinin müalicəsini dünyada ilk dəfə maqnit sahəsini tətbiq etməklə, həmin xəstəliyin müalicəsini məhz Mayılxan həkim tətbiq edərək, uğurlu nəticə alıb. 1981-ci ildə Moskvada keçirilən Ümumdünya Tibb simpoziumunda bu haqda çıxış edib və ətraflı məlumat verib. Bu, maraqlı tapıntı-kəşfinə görə Yaponiyadan, Amerikadan, İtaliyadan və dünyanın başqa aparıcı ölklərindən bu simpoziuma gələn dünya alimləri Mayılxan həkimlə ünsiyyət qurublar. Bu ünsiyyətin nəticəsində də onu 1992-ci ildə Polşa Respublikasının Vraslov şəhərində keçirilən Ümumdünya Tibb simpoziumuna dəvət ediblər. Elə həmin vaxtdan da dünya alimləri Mayılxan həkimin tibb sahəsində apardığı uğurlu işlərə görə onunla əməkdaşlıq qurublar. Bu gün də həmin əməkdaşlıq davam eləyir.
Tibb sahəsində çalışdığı 50 il müddətində Mayılxan həkim təbabət sahəsilə bağlı həm özü çoxlu yazılar yazıb və həm də jurnalistlər tərəfindən ondan çoxlu müsahibələr götürülüb. Biz, redaksiya olaraq belə qərara gəldik ki, bu vaxta qədər Mayılxan həkimin tibbin ayrı-ayrı sahələrilə bağlı çox maraqlı, orijinal fikirli yazılarını və həmin müsahibələrdən ən maraqlılarını çap edək və çoxminli oxucularımıza çatdıraq. Və inanırıq ki, bu yazılar oxucular tərəfindən də maraqla qarşılanacaq və onlarda böyük maraq yaradacaq. Bu yazılardan bu gün dünyada çox populyar olan intiharla bağlı yazını təqdim edirik. Bu yazıda siz əvvəllər oxumadığınız və rast gəlmədiyiniz çox maraqlı fikirlərə rast gələcəksiniz. Həm də bu sahədə depressiya yaşayan insanlara da böyük köməklik edəcəksiniz.
Son XX əsr ərzində dünyada insan cəmiyyətləri inkişaf edib, texniki və digər tərəqqilərə nail olunub. Buna baxmayaraq, insanlar və toplumlar arasında ziddiyyətlərə, münaqişələrə son qoyulmayıb. Onlar bir-birindən qorunmaq üçün təkcə tikanlı məftillərlə kifayətlənmir, gərgin zehni əmək və külli miqdarda maliyyə vəsaiti xərcləməklə kütləvi qırğın silahları icad edirlər. Ətraf mühiti- suyu, torpağı, havanı çirkləndirirlər. Beləliklə, genetik, bioloji, sosial səbəblər üzündən tək və ya kütləvi şəkildə çoxlu intiharlar baş verir.
Müxtəlif dövrlərdə intiharlara müxtəlif münasibətlər olub. Məsələn, qədim keltlər və şotlandlarda intihar norma kimi qəbul edilmişdir. Qədim Çində düşmən qarşısında intihar etmək intiqam almaq kimi qiymətləndirilmişdir. Qədim yaponlar intihar etməklə öz cəsarətlərini göstəriblər. Hindistanda ərləri ölmüş qadınlar özlərini onların məzarları üstündə yandırmışlar. Belə nümunələri çox göstərmək olar.
Bu gün ən dəhşətli haldır ki, intihar ölümün əsas səbəbləri sırasında ilk onluqdadır. Buna görə də ciddi problem sayılır. Statistika sahəsilə məşğul olanlar belə hesab edirlər ki, həmin problem hələ ciddi şəkildə araşdırılmayıb və ona qarşı profilaktik tədbirlər lazımınca aparılmayıb. Bu üzdən bəlkə də ölüm səbəbləri arasında 10-cu deyil, daha önəmli yerlərdən birini tutur. İntihar əsasən yaşı 70-dən yuxarı olan insanlar arasında daha geniş yayılıb. Amerikada 1980-ci ildən bəri hər il 30 minə qədər adam intihar edir. Bu rəqəm hətta cinayət nəticəsində ölənlərin sayından çoxdur. Yaşlıların intiharı onunla izah olunur ki, onlar arasında daha çox depressiya və somatik xəstəliklər olur, qohumları ilə əlaqələri zəifləyir, sosial fəaliyyətləri azalır. İntihar edənlər arasında boşanan, dul və tənha insanlar da çox olur. Gənclərin intiharını isə alimlərin bir qrupu psixi xəstəliklərin sürətli inkişafı, narkotik və psixoaktiv dərmanların əhali arasında geniş yayılması, o cümlədən evdə saxlanılan silahlar və onlardan istifadənin asanlaşması ilə izah edirlər. Amerikada 15-24 yaş arası qrupda ölüm səbəbləri arasında üçüncü sıranı intiharlar tutmaqdadır.
ABŞ-la müqayisədə Kanadada intihar sayı daha çoxdur. Baxmayaraq ki, Kanada da insanların güzəranı daha yaxşıdır, amma intihar sayına görə dünyada əsas yerlərdən birini tutur. Ən çox intiharlar baş verən ölkələr sırasında Latviya, Litva, Estoniya, Rusiya və Macarıstan da var. Ən az olanlarsa Qvatemala, Filippin, Albaniya, Dominikan Respublikalarıdır. Bu isə o anlama gəlir ki, həyat şəraiti yaxşı olan ölkələrdə intiharlar daha çox baş verir. Deməli, sosial səbəb heç də əsas deyil. Səbəbi axtararkən daha çox bioloji, psixoloji, genetik, sosioloji sfera nəzərə alınmalıdır. İctimai bağları qüvvətli və ənənələrinə bağlı cəmiyyətlərdə çox vaxt intiharlar fərdi olmaqdan çox ictimai qayda olaraq vardır. Məsələn, yaponlarda qürurun qırılması nəticəsində tətbiq olunan “hara-kiri” kimi. Bu cür intiharlar “fədakarlıq intiharı” olaraq təyin edilir və intihara fərdi xüsusiyyətlərdən çox ictimai qaydalar səbəb olur.
İntihar edənlərin böyük əksəriyyətində depressiya olur. İntihara gətirib çıxaran əhəmiyyətli həyat hadisələri 30 yaş altında boşanma, rədd edilmə, işdən çıxarılma - işsizlik və sərt qanunlarla bağlı problemlər; 30 yaş üzərində isə fiziki xəstəliklərdir. Bir çox adam heç vaxt psixiatra müraciət etmir, onlara diaqnoz qoyulmur və müalicə də aparılmır. Depressiyalar sahəsində aparılan elmi-tədqiqat işləri intiharların mahiyyətini aça bilər. Digər xəstəlikər də intihar davranışına malik olurlar. Bunlar əsasən bipolyar pozuntular, şizofreniya, qorxu və gözləmə nevrozlarıdır.
Bioloji səbəb bir nəsildən digərinə genetik üsulla ötürülür. Psixoloji səbəbə gəlincə, 20-ci əsrin əvvəllərində avstriyalı psixiatr və böyük filosof Ziqmund Freyd bunun əsasını qoymuşdur. Bu nəzəriyyədə o, insanın öz daxilində olan aqressiyanın onun özünə yönəlməsinin rolunu izah etmişdir. Amerikalı psixiatr Karl Menenger Freydin ideyalarına yeniliklər əlavə edərək, göstərmişdir və yazmışdır ki, intiharların əsasən üç şüursuz səbəbi mövcuddur: intiqam-nifrət (öldürmək arzusu), depressiya- çarəsizlik, ümidsizlik (ölmək arzusu), günahkarlıq hissi -etdiyin hərəkətdən sarsılmaq, peşman olmaq (öldüqrülmək arzusu).
Müasir intihar nəzəriyyəsinin pioneri sayılan amerikalı Edven Şneydman intiharların bir sıra ciddi səbəblərini izah etmişdir. Bunlar dözülməz ruhi sarsıntı, ətraf mühitdən təcrid olunma və ümidsizlik hissləridir. Bütün bu problemlərin həllini yalnız intiharda görmək hissi də var. Psixoloqların böyük əksəriyyəti intiharları insan problemlərinin kömək naləsi kimi qiymətləndirirlər. Sosioloji səbəb bir çox alimlərin düşüncəsinə görə, sosial struktur və həyati dəyərlərin intiharlar reytinqinə böyük təsir göstərə bilməsini ehtiva edir.
Alimlər aşkar ediblər ki, intihara meyilli adamlar başqalarına nisbətən elə də böyük stresslərə məruz qalmırlar. Stress mühiti hamı üçün eyni dərəcədə olur. Lakin intihara meyilli adamların şəxsiyyətində bir sıra patologiyanın mövcud olması onların stress mühitində davranmasına və problemlərini həll etməsinə mane olur. Bir məsələ var ki, hətta problemsiz ailələrdə də intiharlar baş verir. Məsələn, bir neçə il bundan qabaq Nepal kralının ailəsində baş verən intiharı buna misal göstərmək olar. Keçmişə üz tutsaq, bir çox istedad sahibinin də intihar etdiyi haqda məlumatlar toplaya bilərik: dahi rəssam Van Qoq, böyük yazıçı Ernest Heminquey və onlarca başqaları.
Kütləvi insan intiharlarına çox nadir hallarda rast gəlinir. Onlardan ən yaddaqalanı bizim eranın 73-cü ilində İsrailin cənubunda Masad şəhərində 960 yəhudinin onların Roma imperiyasına birləşdirilməsinə etiraz əlaməti olaraq törətdikləri intihar olmuşdur. 1978-ci ildə Ceyustaunda (Qvineya) dini qrupun 900-ə yaxın nümayəndəsi onların rəhbəri Cim Consun tələbi ilə intihar ediblər.
İlk dəfə 1950-ci ildə Amerikada psixi sağlamlıq proqramı ilə məşğul olan həkimlər ümidsiz insanlara kömək məqsədilə etimad telefonu yaradıblar. Gün ərzində yüksək ixtisasa malik psixoloqlar növbədə olur, zəng etmiş şəxslərlə psixoterapevtik söhbətlər aparırdılar. İntiharların profilaktikası həm tibbi, həm də sosial xarakterli olmalıdır. Hər kəs hökmən intiharın mənasızlığını kütlələrə və fərdlərə lazım olan səviyyədə aşılamalıdır.
Müqəddəs “Qurani Kərim”ə görə, intihar günah sayılır. Məhəmməd Peyğəmbər buyurub ki, canına qıymış insanların cənazə namazını qılmayın! Can bizə verilmiş əmanətdir, əmanətə xəyanət isə qəbuledilməzdir. Bir çoxları intiharı acizlik kimi dəyərləndirirlər. Bir qisim adamsa özünə qəsd edən kəsi qınamayaraq, onun başqa yolu olmadığını düşünür. Daha çox intiharın səbəbi sosial-məişət amilində axtarılır. Əslində, bu, yanlış yanaşmadır, məsələnin görünən tərəfidir. Çünki sosial-məişət amilinin müəyyən təsiri olsa da, intiharı psixoloji amillər şərtləndirir.
İnsanlar toplanan informasiyanı, necə deyərlər, xərcləməli, kiminləsə bölüşməlidirlər. Bu, artıq həyati zərurətdir. Son dərəcə zəngin və rəngarəng təəssürata, informasiyaya malik olan insan sanki bu yükdən bir qədər azad olmaq istəyir. Əks təqdirdə özünə qapanır. Bu isə insanı başqalarından ayırır, insan sosial təklik, yəni sosial təcridolunma ilə üz-üzə qalır. Bu gün belə insanlar çoxdur. Onlar adətən minlərlə adamın arasında yaşasalar da, sanki yalqızlıqdan əziyyət çəkirlər. Onları başa düşəcək kimsənin yoxluğundan gileylənirlər. Bu isə əksər hallarda əsəb pozğunluğuna səbəb olur. Təəssüf ki, bəziləri bu zaman yalnız bir çıxış yolu görürlər - intihar. Bəs, nə üçün Allahın bəxş elədiyi anadangəlmə özünüqoruma instinkti, ağrı hissinin duyulması, qorxu hissi bizdən uzaqlaşır, insan könüllü olaraq həyatı tərk etməyə qərar verir?
Freyd intiharı sosial mühitdə olan savaş və narazılıqlarla əlaqələndirirdi. Ona görə, özünəqəsd şəxsiyyətin mühitlə konfliktinin nəticəsidir. Freyd intiharı məhz “cavabı verilməmiş emosiya“ adlandırırdı. Bir sözlə, özünəqəsdi təmin olunmamış təəssüratların, arzu, istək və meyllərin nəticəsi hesab edirdi.
Dünyanın əksər psixoloqları belə bir məsləhət verirlər: özünə nə çox “olmaz”, nə də çox “olar” de. Yəni orta həddi müəyyənləşdirmək məsləhətdir. Bu, ən xeyirlisidir. Hətta “Qurani Kərim”in ayələrində insanın həyatda “orta yol” tutmasından danışılır. Bu yol ərəbcə “siratəl-müstəqim” adlanır. Namaz əhli “Fatihə” surəsini oxuyarkən gündə beş kərə bu sözü təkrar edir. Onu da deyək ki, Freydin bu nəzəriyyəsini bir çox alimlər psixologiyada inqilab kimi dəyərləndirirlər.
Psixoloqlar maraqlı bir müşahidə aparıblar. Məlum olmub ki, özünü ölümün ağuşuna atan, özünə qəsd edən insanların əksəriyyəti son anda onları kiminsə xilas edəcəyinə inanıblar. Bəlkə də elə buna görə filosoflar intihar edən adamları üzmək bilməyən balıqlara bənzədiblər. Yeri gəlmişkən, psixologiyada özünəqəsd edən adam suisident, özünəqəsd aktı suisid, bu sahə ilə məşğul olan adamlar suisidoloq, elmi sahə isə suisidologiya adlanır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, sui-qəsd edənlərin 15 faizini ruhi xəstələr, 10-15 faizini psixiatr nəzarəti tələb edənlər, 60-70 faizini isə praktiki sağlam şəxslər təşkil edir. Özünə qəsd etmiş Sergey Yesenini, Vladimr Mayakovskini, Aleksandr Fadeyevi, Ernest Heminqueyi, Heydər Hüseynovu heç vəchlə ruhi xəstə adlandırmaq olmaz.
Nə qədər təəccüblü görünsə də, sui-qəsddə yamsılama, təqlidçilik də az rol oynamır. Psixoloji müşahidələr əsasında məlum olub ki, Lev Tolstoyun “Anna Karenina”, Yohann Volfqanq Hötenin “Gənc Verterin iztirabları” əsərləri sui-qəsdin artmasına səbəb olub. Rusiyada həyatından bezən rus qadınları məhz Anna Karenina kimi özlərini qatarın altına ataraq intihar edirdilər. Psixologiyada Hötenin əsərinə əsasən “Verter effekti” adlanan sindrom səbəbindən Avropanı özünəqəsd epidemiyası bürümüşdü. Fenomen o qədər güclü səviyyə almışdı ki, bir çox ölkələrdə həmin əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilmişdi. Ümumiyyətlə, söz sənəti sui-qəsddə mühüm əhəmiyyət kəsb edib.
Son illərin statistik məlumatlarına görə, dünyada sui-qəsd çoxalıb və “cavanlaşıb”. İntihara meyilli əhvala qarşı ən yaxşı profilaktika dərdi bölüşməkdir. Təsadüfi deyil ki, belə bir məsəl var: “sevinci paylaşdıqca çoxalır, dərdi paylaşdıqca azalır”. Buna görə də ətrafdakılara mənəvi yardım göstərmək hər bir insanın müqəddəs borcudur. Hər kəs həyatın bu sərt, yazılmamış qanununu yadda saxlamalıdır: “Səni vursalar, tapdalasalar belə, ayağa qalx və irəli get”. İstənilən bütün hallarda intihara haqq qazandırmaq olmaz. Bu yerdə ictimai qınaq əsas rol oynamalıdır. Çünki ictimai problem olan intihar önlənə biləcək bir ölüm səbəbidir.Yetər ki, zamanında fərq edilə bilsin. İntihar “mesajları” verən şəxsləri mütəxəssislərə yönəltmək yaxınlarının onlara edə biləcəyi ən böyük və vacib köməkdir.
İnsan düşünməkdə, xəyal etməkdə azaddır. Amma məsuliyyət anlayışı bütün hiss və düşüncələrdən üstündür. Deməli, insan hər düşündüyünü etməməlidir. Elə bu cəhəti onun nə qədər ağıllı, məntiqli, iradəli, bir sözlə, normal insan olduğunu göstərir. Dahi Cəlaləddin Rumi deyir ki, “Ağıl sonradan ah çəkmək üçün deyil; düşünüb tədbir görmək üçündür. Həm də ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır və axmaqlara veriləcək cavab sükutdur”. Ona görə də gəlin biz də həyatı lazım olan səviyyədə dərk edək və depressiyaya düşən, çətin anlar yaşayan insanlara da lazım olan kimi köməklik edək.
Mayılxan TAĞIYEV,
Psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru,
Əməkdar həkim, “Tərəqqi” medallı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB