Nümayəndə heyəti Həştərxanda şagirdlərin mükafatlandırılması mərasiminə qatılıb - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan vilayətinə səfər çərçivəsində Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib. SİA xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, nümayəndə heyətinin üzvləri, Milli Məclisin deputatları Sabir Hacıyev və Əminə Ağazadə, eləcə də SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, "Bakinski raboçi" qəzetinin baş redaktoru İlqar Hüseynov, media təmsilçiləri, ictimai xadimlər iştirak ediblər. Onlar Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlərin mükafatlandırılması mərasiminə qatılıblar.

Əvvəlcə qonaqlar məktəbin fəaliyyəti barədə məlumatlandırılıb.

Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova bildirib ki, yubiley tədbirləri çərçivəsində məktəbdə şeir, inşa və rəsm müsabiqələri keçirilib. O əlavə edib ki, bu təhsil müəssisəsi iki dövləti möhkəm tellərlə bir-birinə bağlayır.

Öz növbəsində, Həştərxan vilayəti hökumətinin sədr müavini İness Qorina Rusiya və Azərbaycanı bütün sahələrdə möhkəm və çoxillik münasibətlərin bağladığını vurğulayıb. Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsi xalqlarımız arasında mehriban qonşuluq və dostluq münasibətlərinə böyük töhfədir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Heydər Əliyevə həsr olunmuş tədbirlərdə fəal iştirakını qeyd edib. O bildirib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması Həştərxan ilə Azərbaycan arasında mehriban qonşuluq əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verir.

Sonra Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən müəllim və şagirdlərin mükafatlandırılma mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə