Ölkədə hansı otellər daha çox inkişaf edib? - EKSPERT RƏY BİLDİRDİ

"Ölkədə brend beşulduzlu otellər var. Brend beşulduzlu otellər, əsasən, otel olaraq təkmilləşdirilmiş otellərdir. Orada sadəcə yataq, qonaq xidməti deyil, eyni zamanda, restoran, kafe, fitness xidmətləri də verilir. Buraya əsasən, lüks kateqoriyada olan müştərilər cəlb olunur, çünki onların maddiyyat problemi yoxdur". Bu sözləri otel və turizm eksperti Cabir Dövlətzadə SİA-ya açıqlamasında bildirib.

Ekspert qeyd edir ki, həmin otellər dörd fəsildə rahat bir şəkildə işləyə bilirlər: "Digər kateqoriyadan olan otellər dörd və üçulduzlu otellərdir ki, bu otellər, əsasən, arenda, icarə müqaviləsi əsasında işləyirlər. Onlar qiymətlərində mövsümə uyğun olaraq mütləq dəyişikliklər edirlər. Buna məcburdurlar. Müştəri potensiallarını müəyyən səviyyədə saxlamaq üçün lazım gəlsə, super endirimlərə qədər edirlər. Əks halda müştəri portufellərində ciddi bir azalma olacaq".

C.Dövlətzadə turizmin inkişafının iqtisadiyyata təsirindən söz açır: "Ölkəyə gələn turizm axını ölkənin iqtisadiyyatına ciddi təsir göstərir. Bu qeyri-neft sektorudur. Buna bazasız sənaye deyirlər. Bu otel sektoru heç bir tüstüsü olmayan, ölkəyə fayda gətirən sənayedir. Onlar gəlib ölkəmizi kəşf edir, ölkələrinə qayıdır. Növbəti qrupun ölkəyə gəlməsinə səbəb olurlar. Bu isə iqtisadiyyata ciddi təsir göstərir. Ölkəyə durmadan gələn turist axını, iqtisadiyyata müsbət təsir göstərir. Bu, eyni vaxtda ölkənin reklamı deməkdir. Ölkəmizdə keçirilən F1 yarışları da həmin dövrdə ölkəyə yarışın fanatlarının gəlməsinə gətirib çıxarır. Bu, müsbət haldır ki, ölkəmiz idman yarışlarına rəhbərlik edir, tədbirlər keçirir. Bu bizim üçün sevindirici haldır. Son zamanlarda ölkəmizdə konqres turizmi inkişaf edir. Müxtəlif konqres konfranslar keçirilir. Xüsusilə də bunlar daha çox böyük otellərə məxsus olan şeylərdir. Kiçik otellərdə konfrans, seminar zalları yoxdur. Bu səbəbdən də həmin otellərin gəlirlərində ciddi inkişaf olur. Nəticədə ölkənin iqtisadiyyatına yüksək şəkildə təsir edir. Ümid edirik ki, kiçik otellərin inkişafı, müştəri potensialının daha da artması üçün ölkənin sərhədləri qısa zamanda açılar, kütləvi turizm daha çox artar, ölkəmizə qonşu dövlətlərdən səfərlər çoxalar, bu da ümumi turizmin ciddi inkişafına gətirib çıxar".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə