"MTK ilə vətəndaş arasındakı problemin kökü ödənilən pulda deyil, idarəetmədədir" - EKSPERT BİLDİRDİ

"MTK ilə vətəndaş arasındakı problemin kökü ödənilən pulda deyil, idarəetmədədir" - EKSPERT BİLDİRDİ

"Pulların hansı qaydada ödənilməsinin mövcud problemlərlə əlaqəsi yoxdur. Təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq yeni tikilmiş çoxmənzilli yaşayış binası vətəndaşların istifadəsinə verilib. Digər şəhərlərdə də yeni tikili binaların inşası davam edir. O binalarda işləyən xadimələrin, mühafizənin, digər işçi heyətinin və lift xərclərinin qarşılanması üçün mənzil sahiblərindən kommunal pulları yığılmalıdır. Bu, tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. Hətta digər ölkələrdə əgər binalar fərdi şəkildə idarə olunursa, kommunal xərclər daha bahadır. Kommunal pulların nağd, yaxud nağdsız şəkildə ödənməsi vətəndaşın problemini həll etmir. Çünki vətəndaş hər iki halda bu pulu ödəyir”. Bu sözləri SİA-ya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Mütəxəssis düşünür ki, MTK ilə vətəndaş arasındakı problemin kökü ödənilən pulda deyil, idarəetmədədir: “Sakinlər toplaşaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaratmalı, idarəetməni də özləri həyata keçirməlidirlər. Bakıda eyni ərazidə yeni tikili çoxmənzilli bina, tam yanında köhnə yaşayış binası, onun da yanında fərdi həyət evlərindən ibarət yaşayış massivləri var. Yeni tikililəri komendantlar, köhnələri mənzil istismar idarələri, fərdi həyət evlərinin bir hissəsini isə bələdiyyələr idarə edir. Bir şəhərdə üç yanaşı idarəetmə sistemi var və heç biri effektiv deyil. MTK vətəndaşlardan kommunal pulu yığır, amma sadəcə öz həyətini təmizləyir, sakinlər köhnə binanın həyətində avtomobillərini saxlayırlar, hansı ki, o əraziləri də mənzil istismar idarələri təmizləyir və s. İdarəetmə düzəlməsə, pulların hansı formada yığılmasının keyfiyyətə təsiri olmayacaq. Narazılıq yenə olduğu kimi qalacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə