Azərbaycanda yerli ədəbiyyatın oxunması ilə yanaşı xarici ədəbiyyatın da sevilərək oxunulmasının şahidi oluruq. Bəs daha çox hansı ədəbiyyat sevilərək oxunulur?
Gənclər sözügedən mövzu barədə SİA-ya açıqlama veriblər.
Azərbaycan ədəbiyyatını xəzinə adlandıran gənc jurnalist
Mikayıl Mirzəzadə qeyd edir ki: "Bu xəzinə əsrlərdir bizə ulu əcdadlarımız tərəfindən əmanət olunan ən böyük mirasdır. Azərbaycan ədəbiyyatı klassik mühitdə sözün qüdrətinin daha da aktual olduğu bir məkandır. Xarici ədəbiyyat nümunələri öz məhsuldarlığını saxlasa da, Azərbaycanın söz sənəti, ədəbiyyat nümunələri, klassik yaradıcılığı hər dövr üçün aktuallığını qoruyur. Nizami Gəncəvidən başlayaraq günümüzün Nizamilərinə qədər şeir, poema və digər üslublar Azərbaycan ədəbiyyatını gözəlləşdirən əsas ünsürlərdir. Təbii ki, rusun Dostoyevskisini, ingilisin Şekspirini oxumaq daha həyəcanlı və maraqlıdır, lakin öz söz sənətinə, muğamına, kitabına dəyər vermək də hər bir azərbaycanlının mənəvi borcudur. Ümumi danışanda Azərbaycan dünyada ən şanslı ölkələrdən, xalqlardan biridir. Əzəldən bəri bu yurdda incəsənət, ədəbiyyat və digər əsrarəngiz yaradıcılıq sahələri öz sözünü deyib. Xarici ölkələrdən fərqli olaraq, Türk ədəbiyyatında olan əsərlər soylu-köklü olduğumuzu və həmçinin qeyd edilən ölkələrdə daha da tanınmağımızın bariz nümunəsidir. Daha çox sevgi motivlərini tərənnüm edən ədəbiyyat nümunələri var ki, insanı bihuş edir. Ədəbiyyatımızın görkəmli şəxsiyyətlərindən olan mərhum Zəlimxan Yaqubun da dediyi kimi:"Biz niyə sevməyək bir-birimizi?!". Bu şeiri oxuyan hər bir şəxs hətta mövqeyindən asılı olmayaraq, həyata, sevgiyə inamı artır. Sözügedən şeirdə sanki şair insana bir rol verir. Onu yaşamaq üçün şans verir. Baxın, budur Azərbaycan ədəbiyyatı, Azərbaycan sözü, Azərbaycan poeziyası. Düşünürəm ki, hazırda Nizamilər, Füzulilər, Zəlimxanlar, Əliağa Vahidlər və.s yetişdirən Azərbaycanda yaşayıb-yaradan söz sənətkarları var və gələcəkdə də olacaq".
"Dünya ədəbiyyatına uzanan körpü məhz Azərbaycan ədəbiyyatını oxumaqla başlamalıdır" fikrini Aytac Babayeva irəli sürür.
A.Babayeva vurğulayır ki: "Ədəbiyyat dedikdə dahilərimiz - Nizami, Nəsimi, Füzuli xatırlanır.... Azərbaycan ədəbiyyatı ilə yanaşı, həm də dünya ədəbiyyatını da oxuyuram. F.Dostoyevski, V.Hüqo və s. əsərləri ilə bərabər müasir dövrün yazıçılarının əsərləri də maraqlı gəlir. Son illər ən çox romanlarını oxuduğum yazıçı Sarah Jiodur. Onun kitablarındakı cümlələrin rəngliliyi insanı sanki nağıl dünyasına aparır..."
Kitabı həyatı sevənlərə dost hesab edən Nahid Xəlilov qeyd edir ki: "Mən də bədii ədəbiyyat nümunələrinə tez-tez müraciət edirəm. Xüsusən də psixoloji və dedektiv janrda olan romanlar mənim ən çox oxuduğum əsərlərdir. Həm xarici, həm də yerli ədəbiyyat nümunələrinə üz tuturam. Düşünürəm ki, əsərin hansı millətə mənsub yazıçı tərəfindən yazılması onun oxunaqlılığına heç bir təsir göstərmir. Əsərin cəlbedici süjet xəttinə mənsub olması onun yazıçısının istedadından aslıdır. Kitablarını mütaliə etdiyim Çingiz Abdullayev, Elxan Elatlı, Wulf Dorn, D.Braun, Aqata Kristi və s. bu kimi yazıçıları bu baxımdan yüksək qiymətləndirirəm, lakin bir məqamı da diqqətinizə çatdırmaq istərdim ki, xarici ədəbiyyatı tərcümə nəşirlərindən oxuyan oxucu olaraq bəzən tərcümələrin orjinala uyğun olmadığını görürəm. Sanki kitab insan tərəfindən yox, hər hansısa süni intellekt tərəfindən tərcümə olunub. Bu da özlüyündə böyük bir problemdir. Dilimizin ifadə imkanları genişdir. Axı nəyə görə xarici ədəbiyyat nümunələri doğma dilimizin bu imkanlarından istifadə edə bilməsin?!"
Həm Azərbaycan, həm də dünya ədəbiyyatı oxuyan
Ayişə Xasməmmədova deyir ki: "Hər ikisinin də fərqli müstəvidə öz mükəmməllikləri var. Hansını daha çox sevirəm desəm, əlbəttə, bu öz ədəbiyyatım olar. Dünya ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını qarşılaşdırdıqda müşahidə edirəm ki, bizim ədəbiyyatımızda qeyri-etik davranışları obrazlarda əks etdirərkən açıq şəkildə vurğulanmır. Fəqət dünya ədəbiyyatında bu açıq şəkildə əks olunur. Elə düşünürəm ki, bəlkə də adət-ənənələrimiz, abır-həya etdiklərimiz, həm kiçiyə, həm də böyüyə etdiyimiz hörmətlə bağlı olaraq mən ədəbiyyatda qeyri-etik söz və davranışları görmək istəmirəm. Həmçinin ədəbiyyat dediyimiz ruhu oxşamalıdır bir tərəfdən də. Ruha, şüuraltına mənfilər ötürməməlidir".
Daha çox xarici ədəbiyyat oxuyan
Ataməli Əliyev bildirir ki: "Mən daha çox xarici ədəbiyyat oxuyuram. Bu o demək deyil, mən Azərbaycan ədəbiyyatını heç oxumuram. Düşünürəm ki, heç birindən məhrum olmaq olmaz, paralel şəkildə oxumaq lazımdır. Xarici ədəbiyyatı daha çox oxumağımın əsas səbəbləri var. Bunlardan biri dil məsələsidir. Ana Dilimizi hamımız bilməliyik, amma bu dövrdə xarici dil də bilmək zəruridir. Ona görə mən əsasən rus və ingilis dillərində olan kitabları oxuyuram. İkinci səbəbi isə, dünyaya açılan pəncərə məsələsidir. Xarici ədəbiyyatı oxumaqla biz dünyanı onlar kimi, o mədəniyyətlərin gözü ilə görə bilərəm. Bu da istər-istəməz bizim dünya görüşümüzü artırır.
Hamıya xoş oxumalar!"
Digər müsahib Günel Ayxan qeyd edir ki: "Mən həm xarici
ədəbiyyat, həm də Azərbaycan ədəbiyyatı oxuyuram. Üstünlüyü daha çox Azərbaycan ədəbiyyatına verirəm. Azərbaycan ədəbiyyatına üstünlük verməyim söz ehtiyatımı zənginləşdirir, nitqimi inkişaf elətdirir. "İblis", "Oqtay Eloğlu", "Müsibəti-Fəxrəddin" sevərək oxuduğum əsərlərdəndir".
Ən çox dünya ədəbiyyatına üstünlük verən Fərahim Rzazadə bildirir ki: "Azərbaycan ədəbiyyatını oxusam da, ən sevdiyim yazıçılar, əsərlər dünya ədəbiyyatına aiddir.
Ümumiyyətlə, dünya ədəbiyyatı yazıçıları həm üslub, həm də dünyagörüşü baxımdan çox fərqlidirlər. Bu günə kimi oxuduğum ən maraqlı əsərlərin bir neçəsi Oskar Vaylda aiddir. Əsərlərində qoyduğu problemlər günümüz üçün əhəmiyyətli olan, lakin çox az adamın toxunduğu məsələlərdir. Hətta təqdim etdiyi çıxış yolları da.
Digər tərəfdən yazıçı oxucunu əsərdəki sirli dünyaya elə bir qəribə ahənglə cəlb edir ki, əsəri bitirdikdən sonra bir neçə dəfə insan yenidən oxumaq istəyir".
Fikirlərini bizimlə bölüşən Çimnaz Məmmədova deyir ki: "Oxuduğum ədəbiyyat həmin vaxtdı ki stuasiyadan asılıdır. Burada əsas söhbət ədəbiyyat oxumağımızdan gedir. Kimisi klassikləri sevir, kimisi xarici ədəbiyyata üstünlük verir. Qeyd edə bilərəm ki, arada bir balans mövcuddur və biz ona diqqət etməliyik. Əlbəttə, Dostoyevski, Tolstoy, Hüqo, Tven, müasirlərdən Vulf Dorn, London kimi daha bir çox görkəmli yazar, publisist dünya ədəbiyyatına məlumdur. Hər biri dəyərli sənət əsərləri bəxş etmişlər ki, özümüzü kəşf etməmiz üçün əvəzsizdir. Bununla belə paralel şəkildə öz ədəbiyyatımıza da vaxt ayırmalıyıq. Özümdən misal gətirməli olsam, mən bu tarazılığı saxlamaqdan ötrü bir dünya ədəbiyyatından oxuyuramsa, növbəti səfər yerli yazıçılardan oxuyuram. Xarakter və düşüncələr fərqli olduğu kimi üsullarda müxtəliflik göstərə bilər, bu normal haldır, əsas məsələ nəticəyə nəzər yetirməkdir".
Hər iki ədəbiyyatı sevərək oxuyan Nəimi İsmayılzadə qeyd edir ki: "Həm Azərbaycan, həm də xarici ədəbiyyatdan sevdiyim əsər, yazıçılar var. Təəssüflər olsun ki, bizim nəşr evləri xarici ədəbiyyatdakı əsərləri bərbad tərcümə edirlər, əsərin gözəlliyi itir".
Son olaraq, Arzu İbrahimova bildirir ki: "Mən xarici ədəbiyyatı sevsəm də, yerli ədəbiyyata daha çox üstünlük verirəm. Səbəb isə yerli ədəbiyyatımız xarici ədəbiyyatdan dəfələrlə zəngindir. Bu zənginliyi hiss etmək insanı çox xoşbəxt edir".
Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB