Ən böyük arzum Qarabağ Universitetində iş fəaliyyətimi davam etdirməkdir" - AYGÜN ƏZİMOVA
"Zəfər çalmış bir məmləkətin pedaqoqunun, zəfər hissi, əhval-ruhiyyəsi ilə fəaliyyətini Qarabağ Universitetində davam etdirməsi qürur hissidir. Bu mənim vətəndaşlıq, mənəvi borcum olmaqla yanaşı həm də ali bir arzum, istəyimdir ".
Bu sözləri SİA-ya açıqlamasında
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli Mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova deyib.
A.Əzimova sözügedən universitetdə fəaliyyət göstərməyi nə dərəcədə çox istədiyini açıqlayıb: "Qarabağ Universitetinin açılacağını eşidəndə əzmkarlıqla dedim ki, həmin başlanğıca ilk addımımı da məhz orada atmaq istəyirəm Ailəlikcə səhər süfrəsində oturmuşduq. Bu barədə ünsiyyət yarandı. Mənə dedilər ki, "biz burada, sən Xankəndində? Necə olacaq, bəs ailə, uşaq?". Dedim ki, "mənim üçün ən önəmlisi hal-hazırda Xankəndidəki universitetdə fəaliyyətimi davam etdirməkdir".
Müsahib əlavə edir ki: "Allah Ali Baş Komandanımıza can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə Allahdan şəfa diləyirəm.
Bütün qarabağlılar məhz onların sayəsində həyatının yeni mərhələsinə qədəm qoyurlar. Biz onlara borcluyuq ki, 30 il həsrətində olduğumuz torpaqlara qovuşduq. Bu həyatımızda yeni bir mərhələnin başlanğıcını qoyur ki, həmin başlanğıca ilk addımı məhz həmin universitetdə atmaq istəyirəm. Bunu müəllim yoldaşlarıma da bildirdim.
Həmin universitetdə fəaliyyət göstərmək hər bir Azərbaycan aliminin, müəlliminin, pedaqoqunun ən ali istəyi ola bilər. Müəllim yoldaşlarım da dilə gətirdi ki, hər birimiz həmin universitetdə dərs tədris etmək istəyərik. Ümid edirəm ki, gələcəkdə müxtəlif universitetlərin müəllimləri Qarabağ Universitetinə mühazirə deməyə dəvət olunacaq. Güman edirəm ki, bu universitetin fəaliyyət proqramında öz əksini tapacaq. Buna inanıram. Qeyd edim ki, universitetin məhz noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamından sonra Qarabağ adlandırılacağını öyrənmək məndə daha da möhtəşəm qələbə hissi yaratdı. Sanki ikinci dəfə biz Qarabağda zəfər çaldıq. Bir millətin elm və təhsil məsələsində atdığı addımlar həmin millətin gələcəyindən xəbər verir. Məhz bu gələcəyin Qarabağ adı ilə tanınması, bu adla fəaliyyət proqramının ortaya qoyulması I Qayıdışa atdığı ən uğurlu addımlardan biridir. Qarabağ Universitetinin açılması daxili və xarici siyasətdə də böyük rol oynayacaq. Qarabağ Universiteti nəinki Azərbaycanda eləcə də dünya universitetləri arasında seçiləcək".
Həmsöhbətimiz Qarabağ Universitetində tədris olunduğunu görmək istədiyi ixtisaslardan söz açıb:
"İndi informasiya əsridir. İnformasiya Texnologiyaları kimi ixtisasların açılmasını istərdim. Müharibələr dövründə informasiya müharibəsi də önəmli yer tutur. Müharibənin iki qolu var: 1.Hərbi müharibə 2.İnformasiya müharibəsi
İstərdim ki, Qarabağ Universitetində Jurnalistika bölməsi də olsun.
Aydın məsələdir ki, Qarabağ bölgəsində televiziya və radiolar fəaliyyət göstərəcək. Həmin televiziyalara hazır kadrlar vermək lazımdır. Bundan əlavə həmin bölgədəki insanlarda qəzet, qəzetçilik, televiziya, ümumilikdə, yeni media üçün hazır kadrlar yetişdirməklə hazırlıqlar aparılmalıdır. Həmin hazırlıqları fakültənin özündə göstərmək lazımdır.
Orada turizm fakültəsinin açılması da məqsədəuyğun olar. Bu Qarabağda turizmin inkişafında böyük rol oynayacaq. Turizmin inkişafı da Azərbaycanın iqtisadiyyatına böyük kömək göstərəcək. Ölkələr var ki, öz iqtisadiyyatını turizm üzərindən qururlar. Əminəm ki, Qarabağ torpağı turizmin inkişafı üçün çox əlverişlidir. Qarabağ torpağının gözəlliyi, füsunkarlığı, əsrarəngsizliyi, bura gələnlərin hamısını inanıram ki, valeh edəcək. Müasir standartlara cavab verən turizm obyektləri yaradılsa, həmçinin, orada ixtisaslı kadrlar fəaliyyət göstərsə, nəinki dünyanın bütün ölkələrindən, hətta Azərbaycanın özündən buraya axın çox olacaq. Bu səbəbdən də turizm fakültəsinin açılması məqsədə uyğundur.
I Qayıdış Proqramı ilə əhali oraya köçürüləndən sonra kadrlara böyük ehtiyac yaranacaq. Bu baxımdan müxtəlif ixtisaslı kadrların açılması, hətta tibb fakültəsinin açılması həm kadrların yerləşdirilməsinə, həm də kadr ehtiyacların ödənilməsinə kömək göstərəcək.
Filologiya fakültəsinin də açılmasını istərdim. Qarabağdan çıxan alim, ədəbiyyatçı, şair, yazıçı, publisistlərin sayını götürsək, Azərbaycan olan bu şəxslərin 50%-i bəlkə də Qarabağdan çıxıb. Bu Qarabağ torpağında belə fakültənin açılması məqsədəuyğundur.
Qarabağ Universitetdə təhsil almaq həmin ərazilərə bir növ axın yaradacaq".
Aygün Əzimova qeyd edir ki: "Qarabağ Universitetinində müxtəlif fakültələrin açılması mərkəzlərdə olan sıxlığın qismən aradan qalxmasına kömək edəcək.
Əminəm ki, həmin universitetin məzunu olmaq şərəfinə nail olmaq bütün gənclərin arzusudur".
Müsahib sonda bu sevinci xalqımıza yaşadan Ali Baş Komandana təşəkkürünü bildirir: "Mən Ölkə Prezidenti İlham Əliyevə bir daha təşəkkür edirəm ki, Xankəndidəki universitetə "Qarabağ" adını verdi. Bu Zəfər tariximizin xüsusi bir səhifəsidir. Vaxtilə auditoriyalarda öz gənclərinə anti-Azərbaycan təbliğatı aparıb, öz separatçı siyasətlərini həyata keçirdikləri auditoriyalarının "erməni alimlərindən" təmizlənib, Azərbaycan gənc kadrlarının öhdəsinə verilməsi başqa bir zəfərdir. Azərbaycan balalarının vətənpərvər, milli ruhda, elmli, savadlı yetişdirilməsində böyük rol oynayacaq bu universiteti alqışlamaqla, universitetə gələcək həyatında uğurlar arzulayıram.
Ən böyük arzumun gerçəkləşməsi üçün Təhsil Nazirliyinə müraciət edib orada fəaliyyətimi davam etdirmək istədiyimi bildirəcəm".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq.
Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB