“Şəhid ailələrinə göstərilən diqqət bizim üçün mənəvi dəstəkdir“ - SORĞU

“Şəhid ailələrinə göstərilən diqqət bizim üçün mənəvi dəstəkdir“ - SORĞU

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edilib. SİA mənzillə təmin olunan qazi və şəhid ailələrinin təəssüratlarını öyrənib:

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, ehtiyatda olan kapitan Famil Məlikov:

“2016 aprel döyüşləri və 2020-ci il Vətən müharibəsi iştirakçısıyam. Vətən müharibəsi başladığı gündən Xüsusi Təyinatlı olaraq Kəlbəcər istiqamətində döyüş tapşırığına cəlb olunmuşam. Beş gün həmin istiqamətdə döyüş tapşırıqlarını icra etdikdən sonra yuxarı rəhbərliyin göstərişinə əsasən döyüş tapşırıqlarını Cəbrayıl istiqamətində davam etdirmişəm. Cəbrayıl şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanmışam və II qrup Vətən müharibəsi əliliyəm.

Ordu sırasından ehtiyyata buraxıldıqdan sonra dövlətin daim diqqət və qayğısı üzərimizdə olub. Cənab Prezidentin göstərişi ilə məişət problemlərimizin həlli istiqamətində böyük addımlar atılıb. Mən də digər qazi yoldaşlarım kimi mənzil növbəsinə dayanmışdım. Bu gün isə artıq mənzillə təmin olunuruq. Bu isə dövlətin bizə olan diqqətinin bariz nümunəsidir”.

Ehtiyyatda olan kapitan Arif Yusifov:

“Suqovuşan, Ağdərə istiqamətindəki döyüşlərdə iştirak etmişəm. Oktyabr ayının 7-i Suqovuşan yüksəkliyi, Ağdərə istiqamətində yaralanmışam. Hazırda Səbail rayonundan evlə təmin olunmaq üçün çağrılmışıq. Bunun üçün cənab Ali Baş Komandan olmaqla bütün heyətə təşəkkür edirəm.

İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərini gördükcə fəxr edirik. Bu gün həmin ərazilərdə də yurdlarına geri dönənlər üçün çox yaxşı şərait yaradılır. Bütün Azərbaycan olaraq firəvan həyat sürəcəyik”.

Qazi Elşad Nəzərli:

“2020-ci ildə zabit kimi döyüşlərə qatılmışam. Füzuli, Cəbrayıl, Xudafərin, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Zəngilan şəhərinin azad olunması istiqamətində gedən döyüşlərdə yaralanmışam. Hazırda II qrup əliləm, 4 güllə yarası almışam.

Dövlətimiz bizə yetərli qədər qayğı göstərir. Bu diqqətə görə Ali Baş Komandana minnətdarıq. Hazırda mənzillə təmin olunmaq üçün yaxınlaşmışıq, 3 otaqlı mənzillə təmin olunacağam”.

Şəhid anası Rəsmiyyə Yaqubova:

“Xüsusi Təyinatlı Qüvvələri kiçik çavuşu, Amal Qarayevin anasıyam. Öz oğlum və bütün şəhidlərin qarşısında baş əyirəm, qazilərimizə can sağlığı arzu edirəm. Başda cənab Prezident olmaqla bu işdə əməyi olanlara təşəkkürümüzü bildiririk. Çünki şəhid ailələrinə göstərilən diqqət bizim üçün mənəvi dəstəkdir. Cənab Prezidentə təşəkkür edirik ki, şəhid və şəhid ailələrinin unudulmasına imkan vermir”.

Bütün xəbərlər Facebook səhifəmizdə