"Benzinin keyfiyyəti barədə şikayətlər istehsalla bağlıdır" - EKSPERT BİLDİRDİ

"Benzinin keyfiyyəti barədə şikayətlər istehsalla bağlıdır" - EKSPERT BİLDİRDİ

“Müasir dövrdə ekoloji tələblər də nəzərə alınmalıdır. Buna əsasən əsas avtomobil istehsalçıları daxiliyanma mühərriklərini 95 və daha yüksək oktanlı benzin üçün hesablayırlar”. Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, müasir avtomobillərdə ekoloji baxımdan, daxiliyanma mühərrikinin iş əmsalı baxımından 95 və daha yüksək oktanlı benzin nəzərdə tutulub: “Həmin qiymət baha olduğu üçün 92 oktan benzin istifadə edirlər. Bizim ölkədə 95 oktanlı benzinə ehtiyac daha çoxdur. Elektromobillər tamam yeni nəsildir, burada yanacaq yoxdur. Bizim ölkəmizdə avtomobil parkında yeni avtomobillər də var, amma digərləri köhnədir. Bəzi sürücülərimiz avtomobillərinin mühərrikinin 95 oktan üçün hesablanmasına baxmayaraq, həmin qiymətin baha olduğunə görə 92 oktanlı benzindən istifadə edirlər. Bizim ölkəmizdə 92 oktana ehtiyac daha çoxdur, amma 95 oktan benzin də populyardır”.

Ə.Hüseynov qeyd edib ki, sürücülərin 92 oktanlı benzinin keyfiyyətindən şikayət etməsinin səbəbi istehsalla bağlı problemdir: “Azərbaycanda neft-kimya sənayesinin ənənəsi var. Dünyanın əksər ölkələri neftin nə olduğunu bilməyəndə Azərbaycan neft istehsalı ilə məşğul olurdu. Neft məhsulları, yanacaq istehsal olunurdu. Bu ənənəni davam etdirmək lazımdır. Azərbaycanda bir ədəd neft emalı zavodu var. Həmin zavod investisiyalar qoyulmaqla yenilənməli, modernləşdirilməlidir”.

Ekspertin fikrincə, istehsal edilən yanacağın keyfiyyət göstəriciləri yüksəldilməlidir: “Keyfiyyət göstəricisi benzinin tərkibindəki komponentlərdir. Həmin komponentlər lazımsız maddələrdən təmizlənməlidir. Ekoloji baxımdan təmizlik olmalıdır ki, avtomobillərdə texniki problemlər olmasın. Keyfiyyət məsələsi daşıma yolu və benzinin saxlanması ilə də bağlı ola bilər. Hər ikisi çox incə prosesdir. Benzini təmiz çəndə daşımaq lazımdır, müxtəlif növ yanacaqlar dizellə qarışdırılmamalıdır, vaxtaşırı təmizlik, nəzarət olmalıdır, prosesler texniki tələblərdən kənara çıxmamalıdır. Belə olsa keyfiyyət qaydasında olar. 95 oktan benzinlə bağlı şikayət də istehsalla bağlıdır. Bizdə 95 oktan benzin istehsal olunmur, idxal olunur. Buna görə də bahadır. Avropa ölkələrindən alınır, onların pərəkandə satışı baha başa gəlir. Bunların olmaması üçün neft emalı zavodumuz olmalıdır. Bu zavod da müasir tələblərə cavab verməlidir. Ölkədə 95 oktan benzin istehsal olunsa, qiymət daha da ucuz olacaq, sürücülər razı qalacaq və ekoloji, iqtisadi baxımdan əlverişli olacaq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə