Son dövrlərin ailə-məişət problemlərindən biri də gənc ailələrdə yaranan münaqişələrdir. Bir sıra ailələrin dağılması ilə nəticələnən bu problemin səbəbi və həlli yolları nələrdir?
"Gənc ailələrdə baş verən münaqişələrin səbəbləri ailə qurmazdan əvvəl bəzi şeyləri aydınlaşdırmamaqdan irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında
klinik-psixoloq Fuad Əsədov deyib.
Psixoloq Azərbaycanda ailə qurmağı iki hissəyə bölür:
"Azərbaycanda ailələr iki üsulla qurulur: Valideyn və qohumların məsləhəti ilə belə demək mümkünsə, gəncləri bir-birinə "calamaqla" qurulan ailələr var. Bunlar bir az risklidir. Düzdür, belə qurulub, uğurlu olan ailələr də var. Amma yenə də risk payı çoxdur. Səbəb isə buradakı cütlüklərin bir-birini tanımamasıdır. Bir-birlərinə uyğun olduqlarını, yola gedə biləcəklərini dəqiq bilmirlər. Evlənirlər və görürlər ki, qaydasında getməyən məsələlər var, sözləri bir-birinin boğazından keçməməyə başlayır. Bir-birlərinin gözlənti və kriteriyalarını doğrutmamağa başlayırlar. Nəticədə münaqişələr yaranır. İndi isə digər nümunəyə baxaq. İki gənc bir-biri ilə tanış olur, sevir, evlənmə qərarı alırlar. Bu zaman ya gəncliyin yaratdığı hiss fırtınasının təsiri ilə, ya da sevginin yaratdığı irrasionallığın üzündən bəzi şeyləri görməzdən gəlirlər.
Bir-birini sevən gənclər məntiqlə düşündükdə görürlər ki, ortada problem yaradacaq, xoşagəlməz şeylər var və qarşı tərəf ona uyğun deyil. Buna baxmayaraq, həyatındakı insanı sevir və bu hissin təsiri ilə evlənir. Fikirləşir ki, ya mənfi xüsusiyyətlər evləndikdən sonra aradan qalxacaq, ya da bütün bunlara dözəcək. Düşünür ki, "sevirəm", "sevgi hər şeyin dərmanıdır", "biz sevgi ilə hər şeyin öhdəsindən gələrik" və s. Amma bunlar doğru deyil. Sevgi hər şey demək deyil, sevgi problemin açarı, həlli deyil. "Sevgi varsa, biz hər şeyə qalib gələ bilərik" cümləsi yanlışdır. Dəfələrlə görürük ki, insanlar bir-birini sevir, ailə qurur. Sonra bir-birlərinə o qədər uyğunsuz olurlar ki, ya sevgi ölür, ya da sevirlər, uyğun deyillər. Bir yolu eyni pəncərədən izləmirlər. Ona görə də evlənmədən öncə bütün bunları nəzərə almaq lazımdır. Gözləntilər, qəbuledilməz şeylər və s. hamısına diqqət yetirmək lazımdır".
F.Əsədov sevginin hər şeyi həll etmədiyini vurğulasa da, bəzi problemlərin həllini yüngülləsdirdiyini deyir:
"Düzdür, sevən zaman problemlərin öhdəsindən daha rahat gəlmək olur, sevmək problemləri yüngülləşdirir, amma hər şeyi həll etmir. Sevgi problemlərin öhdəsindən gəlməyə kömək edən faktordur, amma hər şeyin həlli deyil. Gənclər ola bilər ki, əvvəldən müəyyən etməyiblər ki, gözləntilər nələrdir, özləri belə bunları bilmirlər. Buradan gənclərə səslənirəm ki, bu barədə dərin düşünsünlər, özləri üçün nə istədiklərini bəlli etsinlər".
Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB