VİP vaqonların quraşdırılmasına nə mane olur? - AYDINLIQ GƏTİRİLDİ

"Bakı metropolitenində sərnişinlərin vaqonlardan düşəcəyi zonaları əsas götürərək minəcəyi sahəyə əvvəlcədən üstünlük verməsi, başqa sözlə, sərnişinlərin platforma boyunca bərabər paylanma məsələlərində mövcud çətinlikləri nəzərə alsaq, bu gün VIP vaqonların ayrılması daha çox hərəkətin təşkilinə zərər verməklə, sərnişin təhlükəsizliyi də daxil olmaqla, daha çox məhdudiyyətlərə gətirib çıxarar". Bu sözləri SİA-ya “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qeyd edilən texniki məsələlərə digərlərini də əlavə etmək olar: "Maliyyə baxımından, metropolitenin ən əsas gəlir mənbəyinin məhz sərnişin daşınmasından əldə olduğunu nəzərə alsaq, daşınan sərnişin sayının maya dəyərinə təsirləri, ictimai sərnişindaşıma nəqliyyatı sistemindəki mövcud tariflər də nəzərə alınmaqla, VIP vaqonların ayrılması sərnişindaşıma prosesinə iqtisadi cəhətdən mənfi təsirləri və risklərini artıracaq”, - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, texniki-iqtisadi cəhətdən sadalana biləcək digər mənfi təsirlər də VIP vaqonda sərnişindaşımanın təşkilinin metropolitenə hər hansısa müsbət maliyyə təsirlərinin olmayacağını aydın göstərir: “Yuxarıda qeyd edilənlərdən savayı, metropolitenin ictimai kütləvi nəqliyyat növü kimi statusunu, bu xüsusda, daha çox əhalinin bütün təbəqələri üçün sosial əhəmiyyəti və əlçatanlığını nəzərə almaq lazımdır. Məsələnin sosial-ictimai mühitdə doğuracağı rezonans və ümumi sərnişin məmnuniyyətinə, habelə, bir sıra digər aspektlərdən mənfi təsir ehtimalının və risklərinin yüksək olması aşkar təzadların, narazılıqların da mənbəyidir.

Qeyd edilənlər VIP vaqonların tətbiqini hazırkı dövrdə qeyri-real və mümkünsüz edir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə