"Efir mədəniyyəti aşağı olanlara qarşı tədbir görmək lazımdır" - EKSPERTLƏR NARAZILIQ ETDİ

Bəzən efirlərdə xoşagəlməz hallarla qarşılaşırıq. Dəvət edilən qonaqlar, ekspert qismində iştirak edən şəxslər bəzən etikadan kənar davranışlar sərgiləyir. Bu kimi hallara qarşı hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı SİA-ya danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva bildirib ki, bu mövzuda ilk növbədə kanal rəhbərliyi tədbir görməlidir: "Etikadan kənar davranışların yol verilməməsinə birbaşa kanalın rəhbərliyi, redaktorlar və Azərbaycan Respublikası Audivizual Şura cavabdehdir".

S.Əliyevanın sözlərinə görə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimləri tələbələrə etik normalara əməl etməyi öyrədir: "Amma çox təəssüf ki, təcrübə ancaq reytinqə işləməyi tələb edir. Bu da problem deyil, amma reytinqi daha maraqlı, daha əyləncəli, daha mədəni, daha gözəl əldə etmək olar".

BDU-nun Yeni media və kommunikasiya kafedrasının müəllimi Günel İsgəndər bildirib ki, təkcə jurnalistikada deyil, bütün peşə fəaliyyəti sahələrinin nümayəndələri azadlıq, fikir plüralizmi, söz azadlığı ilə "özbaşınalığı" səhv salanda və ya qarışdıranda proses pozulur: “Jurnalistika kütləvi sahə olduğu üçün prosesin pozulması daha tez nəzərə çarpır. Ölkəmizdə teleradio yayımı sahəsində yeniliklər və müsbət dəyişikliklər olsa da, nöqsan-problemlər, keyfiyyətsiz verilişlər də az deyil”.

G.İsgəndər qeyd edib ki, teleradio fəaliyyəti əhalinin daimi olaraq birbaşa təmasda olduğu sahə olduğu üçün efirə dəvət olunan qonaqlar, ekspertlər, hətta aparıcılar da kamera obyektivinin verdiyi məsuliyyəti dərk etməlidirlər: “Veriliş reytinq alsın deyə efir məkanında xoşagəlməz hallara yol verib tamaşaçıya hörmətsizlik etmək təqdirəlayiq hal deyil. Bu tip halların qarşısını almaq üçün bütövlükdə efir prosesinə sırf peşəkarları cəlb etmək, efir mədəniyyəti aşağı olan aparıcı, qonaq, ekspertlərə qarşı tədbirlər görmək lazımdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə