Bakıda parkinqlər qazanc, yoxsa problemin həlli üçündür? - ŞƏHƏR SAKİNLƏRİ GİLEYLƏNDİ

Məlumdur ki, nəqliyyat vasitələrinin parklanmasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentiyi (AYNA) ilə Nazirlər Kabineti yeni ödəniş qaydaları təsdiq edib. Belə ki, Bakı şəhərinin mərkəzində parklanma üçün 1 saata 1 manat təyin olunmuşdur. Bəs, bu yeni qərara sakinlərin münasibəti necədir? SİA bu mövzuda paytaxt sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Kənan Yusifov: "Mənə elə gəlir ki, bu qayda bir-iki saatlıq maşın saxlamaq üçün yaxşıdır, amma iş saatları üçün 7-8 manat heç kimin cibinə uyğun deyil. Nazir, nazir müavinləri üçün uyğun gələr, onların da öz qarajları olar. Bu mövzuda tədbir görülsə, yaxşı olar. Pulsuz olmasın, amma qiymət aşağı olsa, daha yaxşı olar. 1 manat bahadır, 50 qəpikdən başlasa, pis olmaz. Məncə, vaxt artdıqca, qiymət aşağı düşməlidir. 1 saatı 1 manatdırsa, 2 saat üçün 1 saat 70 qəpikdən başlasın. 3 saatı 50 qəpikdən, 4 saatı 30 qəpikdən olsun. Elə olsa, hamının cibinə uyğun olar".

Şəhər sakini Vüqar Heydərov: "Qiymətlər həddindən artıq bahadır. Düşünürəm ki, normal olmalıdır. Pulsuz olmağının da əleyhinəyəm. Ödənişsiz olan vaxtlarda maşın saxlamaq qeyri-mümkün idi. İndi ödənişli olduğu üçün hər kəs maşın saxlamır. Kimin ki işi var, işlə əlaqədar ehtiyacı olan saxlayır. Ödənişli olsun, amma qiymətlər uyğun olsun. Söz yox, mən çox istifadə etmirəm, maksimum bir saat istifadə edirəm. Elə insan var ki, 8 saat dayanır, o zaman həddindən artıq çoxdur. Standart qiymət olsa, daha yaxşı olar. Əvvəlki qaydada ümumi saxlamaq üçün 1-2 manat ödəyirdik. O daha yaxşı idi".

Şəhər sakini Mehriban Dariyaxova: "Pulsuz olması daha yaxşıdır. Əslində, "Azparkinq"i niyə bəyənirəm. Haradasa saxlamaq istəyəndə yer tapa bilmirik. Amma burada belədir ki, gəlib telefonla 15 dəqiqə, 1 saat yer vururuq, sonra gedirik. 8-10 saat istifadə edən sürücülər üçün də münasib olar”.

Şəhər sakini Bəhlul Abdullayev: "Ödənişli olması yaxşı oldu. Çünki mənim beş, on dəqiqə vaxtım olur, şəhərin mərkəzində yer tapa bilmirəm. Ödənişli olanda bilirsən ki, yer var. Qiymətlər də yaxşıdır, sıxıntı yoxdur.”

Şəhər sakini Mirzəli Həbibov: "Hər bir iş yerinin öz parkinq yeri olmalıdır. İşi olmayan şəxslər də saxlayıb yer zəbt edirdi, gəlib yer tapa bilmirdin. Ödənişli olmasının yaxşı tərəfi odur. Belə daha doğru oldu. İş yerlərinin isə hərəsinin parkinq yeri olmalıdır ki, işə gələnlər parkinq edə bilsin”.

Şəhər sakini İskəndər Qurbanov: “İş yerlərinin işçiləri üçün ödənişsiz olsa yaxşı olar. Azərbaycanda bunun üçün imkan var. Çox gözəl olar. Mənim fikrim budur. Mən Krosnoyarsk şəhərində yaşayıram. Orada parkinq var. Burada kasıb da var, varlı da. Havayı olsa, daha yaxşı olar.

Şəhər sakini Bəhruz Əliyev: “Mən 4 saat maşını saxlamışam, 4 manat pul ödəmişəm. Bilmirdim saxlayanda. Təbii ki, düzgün deyil. Heç olmasa, bütün günü 2 manat olsun. İş yerlərinin işçiləri üçün isə ödənişsiz olmalıdır. İş yerləri üçün də ödənişli olsa, 5-10 manat parkinqə versə, qazancı hara gedəcək? Benzininə, yoxsa parkinqə gedəcək? Mənim fikrimcə, düzgün deyil".

Şəhər sakini Qulam Süleymanov: “Parkinq ödənişsiz olmasa da, qiymətində işləyən insanlar üçün fərq olmalıdır. Məsələn, mən mağazada işləyirəm. Mağaza bizimdir. Maşını bu yerdə 12 saat saxlayırıq, 12 manat ödəyirik. Ən azından bunun aylığı belə ola bilər".

Şəhər sakini Mübariz Novruzov: “Parkinq hamı üçün ödənişsiz olmalıdır. Məgər harada maşın saxladınsa, orada pul ödənməlidir? Nə qədər əməkhaqqı, pensiya verirlər ki, parkinqin saatını 1 manata qoyublar. Belə bir şey dünyanın heç bir yerində yoxdur".

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə