Media geniş anlayışdır. Bu termin xəbərlər, musiqi, filmlər, təhsil, tanıtım mesajları və digər məlumatları yaydığımız rabitə kanallarına aiddir. Buraya ənənəvi, onlayn qəzet, jurnallar, televiziya, radio, reklam lövhələri, telefon, internet, reklam lövhələri daxildir.
Bəs daha çox Jurnalistika dərslərində işlənən "media savadlılığı" termini nədir?
"Texnologiyanın inkişafı auditoriyanın informasiyaya çatımını xeyli asanlaşdırıb. Ənənəvi mediada xəbərin sadəcə istehlakçısı olanlar artıq yeni media mühitində həm də fəal istehsalçı mövqeyində ola bilirlər. Buna görə də media mühitində yaranan aramsız informasiya axınında heç də bütün məlumatlar doğru olmur. Məhz bu məqamda dövrəyə girən media savadlılığı tənqidi təfəkkür tərzini gücləndirərək düzgün seçim etməyə, saxta xəbəri ayırd etməyə, istənilən məlumatı süzgəcdən keçirməyə kömək olur".
Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova bildirib.
X.Hüseynova media savadlılığının mahiyyətini açıqlayır: "Media savadlılığı olan şəxs manipulyasiyanın qurbanı olmur, rəqəmsal mühitdə qarşısına çıxan informasiyanı sorğulayır, saf-çürük edir, məlumatın qaynağını araşdırır. Yalnız bundan sonra yeni kontent yaratmaq və ya məlumatı tirajlamaq olar. Media haqqında Azərbaycan Respublikasının Qanununda da media savadlılığının önəmi vurğulanır. Bu baxımından gənclərin və yeniyetmələrin media savadlı olmasının təmin edilməsi, daha dəqiq desək, orta və ali məktəblərdə media savadlılığının tədrisi uğurlu nəticələr verə bilər. Düşünürəm ki, media təhsilinin hüdudlarının genişləndirilməsi informasiya təhlükəsizliyi baxımından da vacibdir. Media savadlılığı qarışıq media mühitində "kompas" rolunu oynayaraq yeniyetmə və gənclərimizi doğru istiqamətləndirər, onları ən müxtəlif manipulyasiyalardan qoruyar. Beləliklə, mediada yayılan nifrət nitqi, kiber cinayətkarlıq, zorakılıq, dezinformasiya təhlükəsindən xəbərdar auditoriya mübarizə yollarını da öyrənmiş olar".
Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB