Zibillə dolu piyada keçidi - GÜNAHKAR KİMDİR? - QURUM RƏSMİSİ AÇIQLADI
Külli miqdarda vəsait xərclənməsinə baxmayaraq məsuliyyətsizlik ucbatından yararsız hala düşən piyada keçidi zibilxananı xatırladır. Keçiddə piyadalardan çox zibil, tullantı qalıqlarına, siqaret kötüklərinə və kiçik polietilen torbalarına rast gəlinir. Sözügedən piyada keçidi Abşerondakı keçidlərdən biridir. Yeraltı keçiddə natəmizlik hökm sürdüyündən sakinlərdə məcbur qalıb həyatlarını təhlükəyə ataraq avtomobillərin sürətlə hərəkət etdiyi yoldan keçirlər. Bəs,bu natəmizliyin aqibəti necə olacaq? SİA mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi Anar Nəcəflinin fikirlərini öyrənib.
Onun sözlərinə görə, həmin piyada keçidinin çirkləndirilməsi agentliyi narahat edən məsələlərdən biridir: "Baxmayaraq ki, həmin keçid mütəmadi olaraq təmizlənir. Bir gün öncə təmizlənən keçid səhəri gün artıq yenidən çirkləndirilib. Bu da həmin keçiddən istifadə edən bəzi vətəndaşlarımız tərəfindən olunur. Biz bir daha vətəndaşlardan xahiş edirik ki, piyada keçidindən istifadə edərkən keçidi çirkləndirməsinlər və müəyyən hissələrini sıradan çıxarmasınlar. Aidiyyəti üzrə biz yenə məlumat verəcəyik ki, keçiddə əsaslı təmizlik işləri həyata keçirilsin”.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə