Vanna otağına bu halda qaz cihazı yerləşdirmək olmaz - XƏBƏRDARLIQ! - QURUM RƏSMİSİ

"Havalar soyuyanda mavi yanacağa tələbat artır. Bu baxımdan istilik cihazları da işə düşür. Bu zaman da dəm qazından boğulma halları nisbətən artıq olur". Bu barədə SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib.

Onun sözlərinə görə, boğulma halları soyuq havada kütləvidir demək olmaz, bu hallar istənilən fəsildə ola bilir: "Bunun səbəbi SOCAR "Azəriqaz" İstehsalat Birliyinin hansısa fəaliyyətsizliyindən irəli gəlmir. Biz dəfələrlə ən müxtəlif vasitələrlə, ən müxtəlif platformalarda izah etmişik ki, müəyyən parametrlərə uyğun gəlməyən addımları atmaq olmaz. İnsanlar mətbəxlərini eyvanlara çıxarır, bir otaqdan digər otaqlara rezin borular vasitəsilə qaz çəkirlər. Bu da təbii ki, hansısa sızmalara, sızmalar nəticəsində də partlayışlara və boğulmalara gətirib çıxarır".

E.Vəliyev bildirib ki, "Azəriqaz" İB dəfələrlə bu barədə vətəndaşlara xəbərdarlıq edib: "Biz bildirmişik ki, vanna otaqları müxtəlif kvadratlara uyğun olmalıdır. Havalandırma sistemi olmadıqda qaz cihazlarının vanna otağına quraşdırılması qətiyyən olmaz. Çünki bu halda yanma düzgün getmir, oksigen çatışmazlığı olur. Nəticədə mavi yanacaq dəm qazına, dəm qazı da ölümə səbəb olur. Bu baxımdan biz dəfələrlə vurğulamışıq ki, parametrləri uyğun olmayan vanna otaqlarına cihazlar yerləşdirməsinlər. Burada insanlar "Azəriqaz"ı yaxud da digər dövlət qurumlarını deyil, öz ailəsini və yaşadığı binanın sakinlərini nəzərə almalıdırlar ki, "Sonrakı peşmançılıq fayda vermir" kimi bir qənaətə gəlməsinlər. Bütün bunların hamısı onu deməyə əsas verir ki, insan faktoru əsasdır və insanlar birinci növbədə öz təhlükəsizliyini özləri düşünməlidirlər".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə