"Azərbaycana rəsmi formada daxil olmayan pullar ölkənin ziyanına işləyəcək" - ŞƏRH EDİLDi

"Hesab edirəm ki, qeyri-rəsmi yollarla Azərabaycana hər hansı bir ad altında pul, vəsait gəlməməlidir. Qərbdən gələn qeydiyyatsız qrantlar da bura daxildir. İstər qrant, istərsə də başqa ad altında ölkəmizə pulların gəlişi rəsmi formada olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, bu pulların hansı məqsədlə ölkəmizə göndərildiyi Azərbaycan hökumətinə bildirilməlidir: "Həmin pulların kimlərə, hansı yollar ilə verilməsi mütləq şəkildə araşdırılmalıdır. Mətbuatdan oxuduğum qədəri ilə burada şübhəli məqamlar olduqca çoxdur. Yəni bu pullar rəsmi qaydada Azərbaycana gətirilmirsə, həmin pulların mənbəyi və məqsədi açıqlanmırsa, deməli, bu dövlətimizin ziyanına işləyən pullar olacaq.

Qrant adı altında ölkəmizə gətirilən pullar səfirliklər və ya ölkəmizdə fəaliyyət göstərən xarici iş adamları və təşkilatlar tərəfindən dolayı yollarla gətirilir və şübhəli yollar ilə də paylanırsa, burada təbii ki, araşdırmalar aparılmalıdır. Qeyri-rəsmi formada Azərbaycana qrant daxil olmaması üçün qrant alan və verənlər mütləq şəkildə araşdırılmalı, prosesin gedişatı izlənilməlidir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə