“Qatardan bir saqqızın təmizlənməsi üçün metropoliten işçiləri əziyyət çəkirlər” - QURUM RƏSMİSİ AÇIQLADI

“Qatardan bir saqqızın təmizlənməsi üçün metropoliten işçiləri əziyyət çəkirlər” - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı Metropoliteni elə bir xüsusi nəqliyyat növüdür ki, onun istifadə qaydaları məhz Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minir. Bu istifadə qaydaları kifayət qədər böyük məsuliyyət tələb edən bir sənətdir. Bu həm metropoliten işçilərindən, həm də sərnişinlərdən müvafiq məsuliyyəti tələb edir. Təbii ki, istifadə qaydaları ilə yanaşı, İnzibati Xətalar Məcəlləsində də müəyyən cərimələr nəzərdə tutulub və bunu aidiyyatı üzrə qurum həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, Bakı Metropoliteni üçün bu gün ən aktual məsələ sərnişin təhlükəsizliyidir və bu mənada iki vacib məqam xüsusilə qeyd olunmalıdır: “Birincisi sərnişinlərin platformada qatarı gözləyərkən hüdud xəttini keçməməsidir. Yəqin ki, sərnişi çox olan stansiyalarda tez-tez “hüdud xəttini keçməyin”, “kənara çəkilin” kimi müraciətlər eşidilir. Bu ilk növbədə sərnişinin özünün təhlükəsizliyi ilə bağlı olan məsələdir. Çünki qatarın güzgüsü və ya başqa bir hissəsinin sərnişinə dəyməsi fəsadlarla nəticələnə bilər.

İkinci vacib məsələ isə qapıların tutulub, saxlanması ilə əlaqədardır. Bu problem adətən xüsusi sıxlığı olan stansiyalarda baş verir. 2018-2019-cu il ilə müqayisədə 2023-cü ildə bu mənada müsbət dinamikaya nail olunub. Burada təbii ki, Bakı Metropoliteninin növbətçilik cədvəli əsasında xüsusi sıx stansiyalara işçi qüvvəsinin ayrılması, onların təlim keçərək, bu sahədə peşəkarlaşması müəyyən rol oynayır. Amma ən vacib məsələ sərnişinlərin məsuliyyətinin artmasıdır.

Stansiyalarda sərnişinlərin platformada bərabər paylanmasına xüsusi önəm veririk. Əfsuslar olsun ki, burada müəyyən nüanslarda hələ də sərnişin məsuliyyətinin artmasına ehtiyac var. Bu məsələ özünü iki halda büruzə verir. Birincisi dərin özüllü stansiyallarda qatarların stansiyaya daxil olduğu sahə orta zal ilə xüsusi pilonlarla ayrılır və bu pilonlar bir qayda olaraq stansiyanın ortasında yerləşir. Həmin pilondan artıq stansiya yoluna doğru gedən sərnişin qatarların baş və arxa hissəsinə daha çox meyilli olsalar, sərnişin daşımada daha müsbət dinamikaya səbəb olar.

İkinci vacib məsələ isə sərnişinin qatara minərkən mənzil başına çatıb, düşəcəyi stansiyada ona uyğun olan stansiyaya üstünlük verməsidir. Məsələn, “Elmlər Akademiyası”na gedən sərnişinlər bir qayda olaraq üçüncü vaqonun son qapısına, “İçərişəhər”, “Sahil” stansiyalarına gedənlər isə birinci vaqonun son qapısına üstünlük verirlər.

Təbii ki, eskalatordan tutmuş, platformaya qədər olan sahələrdə müxtəlif təhlükəsizlik tədbirlərində sərnişinlərin rolu olan məsələləri xüsusi dəyərləndiririk.

Son dövrlərdə qulaqcıqlardan kifayət qədər çox istifadə olunması sərnişinlərin diqqətdə saxlamalı olduğu məsələdir. Çünki Bakı Metropoliteni stansiyalarında bəzən veriləbiləcək elanlar hər bir sərnişin üçün əhəmiyyətli ola bilər. Bu mənada tövsiyyə olunur ki, metropoliten stansiyaları və ya qatarlarında elanları eşitmək üçün qulaqcıqlardan az istifadə olunsun.

Metropoliten üçün digər ən vacib məsələlərdən biri də sanitar-gigiyenik qaydalara əməl olunmasıdır. Bu mənada qənnadı və kulinariya məsulların stansiyalar, xüsusilə də vaqonlarda yerə atılması, çirkləndirilməsi yolverilməzdir. Bu mənada xüsusi olaraq saqqız qeyd olunmalıdır. Bir saqqızın təmizlənməsi üçün depoya daxil olan qatarda metropoliteninin bu sahə ilə məşğul olan işçiləri kifayət qədər əziyyət çəkirlər. Burada da müsbət tendensiyalar olmasına rəğmən, bu problemdən tamamilə qurtula bilməmişik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə