Bələdiyyələrlə bağlı problemlər və ÇIXIŞ YOLLARI - EKSPERT RƏY BİLDİRDİ

“Qanunvericilikdəki boşluqlar ucbatından bələdiyyələr müəyyən problemlərlə üzləşirlər”. Bu barədə SİA-ya açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, ekspert Vüqar Tofiqli deyib.

Ekspertin sözlərinə görə 1999-cu il dekabrın 12-də keçirilən seçkilərdən sonrakı dövrdə formalaşma məsələsində Azərbaycan bələdiyyələrinin fəaliyyəti üçün lazım olan qanunvericilik bazası ardıcıl şəkildə hazırlanıb və istifadəyə verilib: “Qanunvericilik bazası istər səlahiyyət, istər maliyyə istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu gün Azərbaycan bələdiyyələrinin fəaliyyətinə imkan verir. Sadəcə burada məsələ ondadır ki, qanunvericilik bazası hazır olsa da qanunların icrası ilə bağlı olan bir çox proseslərdə dolaşıqlıqlar, ləngimələr və çatışmazlıqlar var. Məsələn ilk dövrdə qanunvericilik qaydasında bələdiyyələrə reklamla bağlı ödənişlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Bir sıra vergi və ödənişlərin istiqaməti dəyişdirilərək dövlət büdcəsinə yönəldilməsi bələdiyyələrə mənfi təsir göstərdi”.

V.Tofiqli bildirib ki, Azərbaycan bələdiyyəsində büdcə gəlirlərinin artırılması üçün normativ hüquqi sənədlərdə olan boşluqlar, anlaşılmazlıqlar, problemlər aradan qaldırılmalıdır: “Vətəndaşlar torpaq mülkiyyətinə görə vergi verirlər, amma əmlak vergisi ilə bağlı problem yaradırlar. Bələdiyyəyə gələndə vergidən boyun qaçırırlar. Azərbaycan bələdiyyəsinin fəaliyyəti, seçicisinin qarşısındakı xidmətləri yerinə yetirməsi üçün həm səlahiyyət dairəsi, həm də istiqamətləri genilşləndirilməlidir. Müəyyən ekspertizadan keçirilib tez bir zamanda mövcud olan problemlərin həll edilməsi üçün addım atılmalıdır. Hüquqi normativ sənədlərdəki boşluqlar aradan qaldırılsa bələdiyyənin büdcə gəlirləri 48 yox, 480 milyon manat olar. Nəticədə də həmin vəsait seçicinin probleminin həllinə yönələr".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə