ASAN xidmətinin könüllülük proqramı, cəmiyyətə faydalı olmağa nail olmağın və şəxsi inkişafı dəstəkləmənin müstəqil bir yolu kimi özünü göstərir. Bu könüllülük proqramına qoşulmaq, insanlara yardım etmə və cəmiyyətə xidmət etmək imkanı yaratmaq üçün böyük bir təcrübədir. Bu proqram, şəxsi inkişafımızı dəstəkləyir və bir-birimizə yardım etməklə daha güclü bir cəmiyyət yaratmağımıza nail olur. Bəs, bu könüllülük gənclərə daha hansı təcrübələri qazandırır? SİA mövzu ilə əlaqədar olaraq ASAN könüllüləri arasında sorğu keçirib.
Fatma Cəfərli: "ASAN xidmətin könüllüsü olmaq, insanlara yardım etmə və sosial fəaliyyəti artırmaq üçün böyük bir fürsətdir. Könüllük, təcrübə və bacarıqları inkişaf etdirir, ictimai bacarığı gücləndirir və müstəqil işləmə bacarığını artırır. Digər tərəfdən isə bu təcrübə ətrafımızdakı məsələləri daha yaxından başa düşməmizə kömək edir və ən əsası isə ictimai mövqeyi inkişaf etdirir".
Aytac Abbasova: "Bu könüllülük fəaliyyəti mənə məsuliyyətli, dəqiq və çevik olmağı öyrətdi. Xüsusən də kollektivdə, əməkdaşlar arasında necə özümüzə yer tutmağı göstərdi. Hər zaman düşündüyüm “Rastlaşa biləcəyim müxtəlif xarakterdə vətəndaşlarla necə ünsiyyət qurmalıyam?” sualına verdiyi təcrübə ilə cavablanırdı. ASAN xidmət bu və bunun kimi bir çox faydalı şeyləri mənə qatdı".
Zəhra Xalıqlı: "Könüllülükdə keçirdiyim 3 ay sosial bacarıqlarımın inkişaf etməsinə, insanlarla ünsiyyətimin təkmilləşməsinə kömək etdi. Bununla bərabər insanlara qarşı sosial məsuliyyətim də artdı. Vətəndaşlara kömək edə bilmək bu işin ən dəyərli hissəsidir. Məhz buna görə düşünürəm ki, könüllüklər bəzən sertifikatlardan daha dəyərli ola bilir".
Səmra Quliyeva : ASAN könüllüsü olmaq mənə hər zaman işimdə səbrli olmağın vacib olduğunu öyrətdi. Qarşımdakı insanlarla ünsiyyətdə xoş və gülərüzlülüyün insanlar üzərindəki pozitiv təsirinin necə əhəmiyyətli olduğunu göstərdi. Məsuliyyəti olmağın gətirdiyi müsbət nəticələrin olduqca faydasını gördüm .Yeni biliklər qazandım. Tədbirlərin və seminarların təşkilində iştirak etmək, yeni simalar tanımaq bunların hər biri məni üçün dəyərli qazanc idi".
Aytac Məmmədli: "ASAN xidmətdə könüllü olaraq fəaliyyət göstərdiyim 3 ayda çox böyük yeniliklər ilə qarşılaşmadım amma burada özümə uyğun “dost” deyə biləcəyim könüllü yoldaşlarım oldu və bu mənim üçün sevindirici hal idi. Könüllü olduğum müddətdə çox daha güclü bir xarakter əldə etdiyimi düşünürəm. Bu şəraitdə yaşanan hər bir pis, ya da yaxşı situasiyadan özüm üçün dərs çıxarıb öz xeyrimə öz inkişafima yenilik qatmışam. Həmçinin öz iradəmi, öz düşüncə fərqimi möhkəmləndirmişəm . Yeni bir sahədə nümayəndə kimi fəaliyyət göstərməyə başladıqda isə ASAN xidmətə öz təşəkkürümü bildirdim, çünki onlar sayəsində iradəli və güclü bir insan oldum".
Nigar Xudaverdiyeva: "Könüllü olmadan əvvəl insanlarla ünsiyyət qabiliyyətim olduqca zəif idi. Onlarla danışmaqdan çəkinirdim və özümü ifadə edə bilmirdim. Könüllü olduqdan sonra isə bu vəziyyət tamamilə dəyişdi. Artıq vətəndaşlarla rahatlıqla ünsiyyətə girə bilir, özümü daha yaxşı ifadə edə bilirəm. ASAN xidmətin mənə öyrətdiyi digər ən əsas məqamlardan biri isə yaranan problemləri tez həll etmək idi. Bu könüllülük müddəti mənə problem həllini tez tapmağı, necə tapmağı da öyrətdi. Digər tərəfdən artıq az da olsa iş sistemini bilirəm. İş prosesine 3 ay müddətində şahidlik etmişəm. Könüllülüyün mənim üçün aradan qaldırdığı bir digər problem isə tənbəllik idi. Bəzən buna görə işlərimdə gecikmə halları baş verirdi. Könüllülük isə yaranan bu halı tamamilə aradan qaldırdı. Artıq planlarımı vaxtında yerinə yetirə bilirəm".
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB