“Ananın günün müəyyən saatları övladından ayrı qalması problem yaratmaz” - PSİXOLOQ DANIŞDI

“Ananın günün müəyyən saatları övladından ayrı qalması problem yaratmaz” - PSİXOLOQ DANIŞDI

“Vaxtaşırı gündəmə gələn mövzulardan biri də azyaşlı uşağı olan və işləyən analardır. Mövzu ilə bağlı “İşləyən anaların uşaqlarını başqa birinin öhdəliyinə verib işə getmələri uşaqların psixologiyasına necə təsir edir?”, “Uşağın bu vəziyyətdən təsirlənməməsi üçün valideynlər nə etməlidir?” və ya “Mən övladımın hansı yaş dövründə işə çıxmalıyam ki, bu onun psixologiyasına mənfi təsir etməsin, diqqətdən kənar qalmasın?” kimi suallar alırıq. Bildirmək lazımdır ki, azyaşlı övladı olan, hamilə olan qadınlara qanunvericilikdə, Əmək Məcəlləsində də güzəştlər nəzərdə tutulub. Məsələn: "Əmək qanunvericiliyinə əsasən hamilə və 3 yaşınadək körpəsi olan anaların əmək müqaviləsinə xitam verilməsi qadağandır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin Azərbaycandakı rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, məsələnin psixoloji tərəflərinə gəldikdə isə burada həm azyaşlı övladı olan işləyən anaların, həm də uşaqların psixoloji vəziyyətindən danışmaq lazımdır: “Uşaqların əsas emosional bağı, anasına ehtiyac duyduğu yaş dönəmləri əsasən yaş yarım və 2 yaş dönəmləridir. Bu zaman uşaqlarda özgüvən və baxım bacarıqları formalaşır. Bu yaş dönəmindən sonra təbii ki, uşağın da inkişafı normal gedirsə analar işə çıxa bilər. Ancaq ana-övlad simbiozu olan uşaqlar bu dönəmi, yəni ananın işə çıxmasını kaprizlə, aqressiya ilə qarşılayırlar. Belə analar bütün gününü övladı ilə keçirdiyi üçün, hər yerə onunla getdiyi üçün onlar arasında simbiotik bağ yaranır və uşaq anasının işə çıxmasını, “ondan ayrılmasını” aqressiv qarşılayır. Bir çox hallarda analar uşaqları dayələrin öhdəliyinə verir. Burada diqqətli olmaq lazımdır, dayənin iş təcrübəsi, yaşı, uşaqla ünsiyyət qurmaq bacarığına önəm vermək lazımdır.

Analar çox vaxt işlədiyi üçün, övladını başqa birinə əmanət etdiyindən günahkarlıq duyğusuna qapılır və davamlı olaraq özlərini tənqid edirlər. Bu da zamanla onun psixoloji durumuna mənfi təsir göstərir. Onda əsəbilik, aqressiya, həyəcan-təşviş kimi halların yaranmasına səbəb olur. Bu halda ananın övladı ilə də emosional bağı, münasibəti yaxşı olmalıdır ki, bu prosesi psixologiyası və ana-övlad münasibətləri çox zərər görmədən aşa bilsin. Analar övladları ilə münasibəti, emosial bağı gücləndirmək üçün onlara:

1) empatiya qurmağı aşılamalıdır. Empatiya başqalarının hisslərini anlaya bilmək və paylaşmaq” bacarığıdır. Övladımıza empatiyanı öyrətsək başqalarının baxış bucağından baxaraq insanların fikirlərinə hörmətlə yanaşmağı formalaşdırmış oluruq.

2) Ailə daxilində birlikdə qərarlar vermək lazımdır. Ailəvi məsələlərdə övladımızın fikirlərinə dəyər verməli, onlara qərarların qəbulunda iştirak etməyə şərait yaratmalıyıq. Bu, uşaqlarımızın özgüvənini artırır və daha hörmətcil olmağa təşviq edir. Evə gəldikdə ev işləri və ya başqa işlər olduqda belə onları müvəqqəti kənara qoymalı övladınzla vaxt keçirməlisiniz. Həmçinin başqa sözlə desək, belə analarımız günlərini planlaya bilər ki, bununla da evə gəldikdə həm müəyyən qədər ev işlərini görə bilər, həm də övladı ilə zaman keçirə, onunla maraqlana bilər. Hətta yaşına uyğun olaraq evdə hər hansısa işi birlikdə görərək də zaman keçirə, birlikdə əylənə bilərlər. Övladı ilə sağlam və sevgi dolu bir münasibət quran ananın günün müəyyən saatları ondan ayrı qalması, işləməsi onlar arasındakı əlaqələrdə, münasibətlərdə bir problem yaratmaz”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə