Artan nəqliyyat hadisələrinin başlıca səbəbləri NƏLƏRDİR? - SORĞU
Bu ilin 9 ayı ərzində Respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1806 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi məlumat yayıb. Qəzalar nəticəsində avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb. Bu qəzaların artmasının başlıca səbəblərindən biri kimi avtobusların köhnəlmiş və yarasız olması göstərilir.
Yol nəqliyyat hadisələrinin artmasının digər səbəbi isə sürücülərin məsuliyyətsizliyi, qeyri-peşəkar davranışı, qayda pozmağa meyilli olmalarıdır. Bakı ətrafı kənd və qəsəbələrə işləyən avtobusların yarasız olması ilə bağlı məsələ də tez-tez gündəmə gəlir. Bəs niyə hələ də paytaxt Bakının köhnə avtobus problemi öz həllini tapa bilmir?
SİA mövzularla bağlı ekspertlərin rəyini alıb.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov: “Avtobus sürücülərinin peşə hazırlığında səthi yanaşmalar var. Bu yanaşmalar tətbiq olunmalıdır. Sürücülərin iş və istirahət rejiminə nəzarət edilməlidir. Nəzarət məsələsi güclü olmalıdır ki, sürücülər vaxtında istirahət etsinlər, yorğun vəziyyətdə, xəstə vəziyyətində gecə reyslərinə çıxmasınlar. Bu vəziyyətlər də çox ciddi qəza riski yaradır. Təhlükəsizliklə bağlı sürücülərin davranışı ən üst səviyyəyə qaldırılmalıdır. Digər sürücülərdən daha peşəkar və etibarlı olmalıdırlar. Texnikanın köhnəlməsi probleminə gəldikdə isə bu iqtisadi problemdir. Köhnəliyi aradan qaldırmaq üçün ictimai nəqliyyata sərmayə qoyulmalıdır. Avtobus parkı yenilənməlidir.”

AYNA-nın mətbuat katibi Tural Orucov: “Müntəzəm sərnişin daşımanı həyata keçirən avtobuslar gündəlik reys qabağı texniki baxışdan keçirilir. Sürücülər isə tibbi müayinəyə cəlb olunurlar. İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir. Sərnişindaşıma sahəsinə göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması həmçinin marşrutların təhkim edilməsi, şəffaflığın təmin edilməsi məqsədi ilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobuslar olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər”.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB