“Quşun yuvası olduğu kimi yazıçının evi olmalıdır” - SORĞU

“Quşun yuvası olduğu kimi yazıçının evi olmalıdır” - SORĞU

AYB-də ev qalmaqalı
Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyində 21 nəfərə ev verilib. Qurumdan rəsmi məlumat verilməsə də bəzi KİV-lərdə müxtəlif siyahılar yayılıb. Yayılan məlumatlar bəzi yazıçıların narazılığına səbəb olub.


Mövzu ilə bağlı SİA-ya danışan Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü Baba Vəziroğlu bildirib ki, iş olan yerdə hər zaman rəylər müxtəlif olur: “Razılıqlar da, narazılıqlar da olur. Ola bilsin ki, bir neçə nəfər narazılığını bildirib, amma yüzlərlə insan var ki, razıdır. Anar müəllim AYB-nin sədridir, bilir ki, kimin evə ehtiyacı var, kimin yoxdur. Anar müəllimi də biz seçmişik və müəyyən məsələlərin həllini də ona həvalə etmişik. Anar müəllim yaşda da, başda da bizdən böyükdür. Yəqin ki, orada ehtiyacı olanlar üçün ayrılıb o evlər. AYB-nin 3 minə yaxın üzvü var, onların hər birini razı salmaq olmaz, narazı olanlar da olacaq. Bundan böyük bir ajiotaj düzəltməyə ehtiyac yoxdur. Quşun yuvası olduğu kimi yazıçının evi olmalıdır, arzu edirəm ki, ev ala bilməyənlər də gələn dəfə alsınlar”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Aznews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı qeyd edib ki, bildiyinə görə təqdim edilən evlər birbaşa AYB-nin balansında olmayıb: “AYB balansında olan müəyyən bir torpaq sahəsini tikinti şirkətinə verib. Bunun müqabilində də mənzillərin bir hissəsi birliyə ayrılıb. Həmin mənzillər AYB tərəfindən bölüşdürülüb. Burada ittifaqın rəhbərliyi bu qərarı verib. AYB böyük təşkilatdır. Orada Azərbaycanın çox sayda tanınmış, istedadlı qələm adamları təmsil olunur. Onların bir hissəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var, bir hissəsinin ümumiyyətlə yaşamaq üçün xüsusi mülkiyyəti olmayıb. Bütün hallarda birliyin öz üzvlərini mənzillə təmin etməsi təqdirəlayiqdir. Müəyyən narazılıqlar, iddialar, sosial dəstəyə ehtiyacı olan insanlar da ola bilər. Mən onları da başa düşürəm, gözləntilərini haqlı hesab edirəm. Ancaq bu mənim yaxud bir başqasının istəyi ilə yox, məhz AYB rəhbərliyi tərəfindən verilən qərarla həll olunan məsələdir”.

Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə