Tələbələrin dərslik problemi - KİM MƏSULİYYƏT DAŞIYIR? - RƏYLƏR

Tələbələrin dərslik problemi - KİM MƏSULİYYƏT DAŞIYIR? - RƏYLƏR

Ali təhsil müəssisələrində tələbələrin qarşılaşdığı əsas problemlərdən biri dərslik problemidir. Tələbələr dərsliklərin olmamasından, yaxud kifayətsizliyindən əziyyət çəkir. SİA məsələ ilə bağlı sorğu keçirib.

Mövzu ilə bağlı danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın bütün universitetlərində dərsliyin olmasına ehtiyac var: “Dərsliklərin olmaması tələbləri 1980-1990-cı illərin kitablarını, yaxud dərsliklərin PDF formatını oxumağa vadar edir. Bu hal tələbələrdə həm sağlamlıqla bağlı problemlər yaradır, həm də gənclərin bilik və bacarıqlarına da öz mənfi təsirini göstərir. PDF dərsliklər bəzən oxunmamış variantda, yaxud rus dilində olur ki, bu da çətinliklər yaradır. Bu məsələnin həlli üçün real və ciddi addımların atılmasına ehtiyac var, bu addımlar atıldığı təqdirdə biz də prosesə töhfə verə bilərik”.

Təhsil eksperti Elçin Əfəndinin fikrincə isə ali təhsil müəssisələrindəki dərslik probleminin başlıca səbəbi öz dilimizdə olan vəsaitlərin tapılmamasıdır: “Əksər tələbələr Azərbaycan dilində vəsaitlər tapa bilmirlər. Vəsaitlər daha çox rus yaxud da ingilis dilindədir. O vəsaitlərin də həm qiymətləri baha olur, həm də tapmaq çətinləşir. Düşünürəm ki, hər bir ali təhsil müəssisəsi öz daxilində yaxud da Elm və Təhsil Nazirliyi ali məktəblərdə keçiriləcək dərsləri əhatə edən vəsaitlərin nəşrinə mütləq başlamalıdır. Bu istiqamətdə işlər görülməlidir ki, hər bir vəsait tələbə üçün daha əlçatan olsun. Vəsaitlər ali təhsil müəssisələrinin kitabxanalarında yer almalı, tələbələr vəsaitləri pulsuz şəkildə götürməlidirlər, tələbələr bu istiqamətdə əziyyət çəkirlər. Universitetin kitabxanasında istədikləri vəsaitləri tapa bilmirlər, olan vəsaitlər isə onların anlaya biləcəyi dildə deyil. Problemin həll edilməsi üçün universitetlərin hər biri fakültə daxili yaxud da prorektor və ya tədris hissəsi vəsaitləri nəşr etməlidir. Elm və Təhsil Nazirliyi universitetlərdə vəsaitlərin çap olunmasına çalışmalıdır. Tələbələr onlayn dərs vəsaitlərindən istifadə edir yaxud kimdəsə olan vəsaiti çap edirlər, bu da tələbələri maddi cəhətdən geri salır. Universitetə qəbul olduqdan sonra proses bitməli deyil. Tələbələrin əlində nəzəri biliklərin olduğu vəsaitlər olmalıdır ki, o vəsaitlərdən istifadə edib bilik və bacarıqlara sahiblənə bilsinlər”.

Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Gülbəniz Səfərova düşünür ki, universitetlərdə ən böyük problemlərdən biri dərsliklərin kifayət qədər olmamasıdır: “Universitetlərin kitabxanalarında da dərsliklər məhdud saydadır. Müəllimlər isə tələbələrdən PDF-in çıxarılmış variantını tələb edirlər. Müəllimlər hansısa tələbənin çap xərclərini qarşılayacaq maddi imkanının olmaması nəzərə almalıdır. Yaxşı olardı ki, dərsliklərin sayı artırılsın ki, tələbələr üçün daha əlçatan olsun”.

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Leyla Fərzəliyeva bildirib ki, universitet dərsliklərində nəzəriyyəyə həddən artıq yer verilir: “Qərb və digər nəzəriyyələr ifadə edilir amma praktiki yolları göstərilmir. Düşünürəm ki, dərsliklər praktiki yöndə olmalı, tələbə bu dərsliklərlə özünü hazırlamalıdır. Eyni zamanda dərsliklər çox baha qiymətə satılır və tələbələrin almağa maddi gücü çatmır. Tələbənin almalı olduğu kitab təqaüdünün demək olar yarısını əhatə edir. Universitet dərsliklərinin tələbələrə pulsuz təqdim olunmalıdır deyə düşünürəm. Bununla yanaşı dərsliklər tələbələrə uyğun hazırlanmalıdır, həddən artıq mürəkkəb cümlələr dərs vəsaitinin dilini çətinləşdirir. Nəzərə almaq lazımdır ki, onu oxuyan hansısa mütəxəssis deyil, tələbədir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə