Tarixi binaları kimlər korlayır? - RƏSMİLƏR MÜNASİBƏT BİLDİRDİ

Tarixi binaları kimlər korlayır? - RƏSMİLƏR MÜNASİBƏT BİLDİRDİ

Birinci mərtəbələri restoran, iaşə və digər reklam donunu geyinən tarixi binalar getdikcə tarixə qovuşur. Bu cür binaların sayı da indi çox deyil. Vaxtilə Bakıda 300-dən çox tarixi bina var idisə, indi onların sayı azalaraq 150-yə enib. Belə hallar binaların çoxunun çat verməsi ilə yanaşı, tarixiliyini süquta gətirib çıxarır. SİA məsələ ilə bağlı memar və ADRA-nin direktorunun fikirlərini öyrənib.

Memar Cahid Həsənov: “Bir neçə mərtəbəli tarixi bir binanın birinci mərtəbəsi demək olar ki, tam şəkildə müxtəlif kommersiya reklamları ilə örtülüb. Müasir reklamlarla örtülməsi tarixi binanın vizual görünüşünü dəyişir. Azərbaycan Dövlət Reklam Agentliyi tarixi binaların üzərində vurulan reklamlara yer və ya pasport verməməlidir. Əksinə, bugünkü gündə aidiyyəti qurumun marağındadır ki, onlar pasportlaşdırılsın və reklam icarə haqları toplasın. ADRA tərəfindən qeyri-peşəkar yanaşma tərzi müşahidə olunur. Çünki nə qədər çox binaya reklam vurulsa, bir o qədər icarə haqqı toplanır. Amma həmin binalara vurulan reklamlarla tarixiliyin məhv olması nəticəsində turizmdən gələn milyonlarla gəliri itiririk”.

Azərbaycan Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov da mövzu ilə bağlı fikir bildirib: “Tarixi binaların modernləşməsinin kimlərə sərf etdiyini bilmirik. Bizim bildiyimiz bir şey var ki, qurumumuz tərəfindən bu halların qarşısının alınması ilə bağlı sənəd hazırlanıb. Sənəd hazırda Nazirlər Kabinetində təsdiq prosesindədir: “Təsdiq edilən kimi bütün bu məsələlər öz həllini tapacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə