"Ərzaq malları sektoruna baxsaq, burada yarama müddəti yarıdan keçmiş malların satılması məsələsi artıq təchizatçı tərəfindən təklif oluna bilir. Lakin əksər hallarda market sahibləri özləri bu işləri görürlər". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, marketlərin endirim kampaniyasının əsas məqsədi istehlakçını qapıdan içəri salmaqdır: "Birinci məqsəd budur. İkinci məqsəd əlbəttə içəri salandan sonra onlara hansısa malı satmaqdır. Endirimə qoyulmuş ərzaq və sənaye mallarından ikisində də ayrı-ayrı vəziyyətlər mövcuddur. İstehlakçı mal seçir, kassaya gəlib yaxınlaşanda deyirlər ki, bu mal endirimdə deyil. Endirimə qoyulmuş malın yanına endirim olmayan mal da qoyurlar. Vətəndaş bəzən o maldan götürür, deyirlər xeyr buna endirim yoxdur və s. Endirimdə alınmış malın istehlakçının tələbatını ödəmədiyi halda qaytarmaq-dəyişmək istəsə deyirlər ki, sən bunu endirimdə almısan. Bu kimi məsələlər var.
Endirim məsələləri əsasən market sahibləri tərəfindən həyata keçirilir. Ümumiyyətlə, market sahibləri təchizatçıların başına min bir oyun açırlar. Təchizatçılar market şəbəkələrinə girmək üçün külli miqdarda pul ödəyirlər. Nağd şəkildə özü də bəri başdan ödəyirlər. Ondan sonra market sahibləri təchizatçılarla necə istəsələr elə də davranırlar ki, onlar da market şəbəkəsindən pul verdikləri üçün çıxa bilmirlər. Çox təəssüflər olsun ki, bu barədə heç bir qanun-qayda yoxdur və üstəlik satılan malın pulunun qaytarılması barədə ölkədə böyük problemlər yaşanır. Sadəcə olaraq bu məsələlərdə təchizatçılar səsini çıxara bilmir. Market sahibləri özləri təchizatçıları məcbur edir ki, endirim edirəm, marketinə çox adam gəlsin və s. Bu kimi hallar çox geniş yayılmış bir məsələdir. Əlbəttə burada bir nömrəli məsələ marketə insanları daxil edib orada çoxlu satış əldə etməkdir".
Eyyub Hüseynov sözlərinə belə davam edib: "Nazirlər Kabinetinin 94 saylı qərarına görə, malların üzərində maddi məsul şəxsin imzası olmaqla qiymət sənədləri olmalıdır. Belə bir sənədin olmamasına görə qarşıda müəyyən cərimələr verilir. Bəli, AİB-ə gələn şikayətlər arasında malın üzərinə endirim sözü yazılmaqla əhalinin aldadılması məsələsinə də toxunulur. Yəni, malın əvvəlki qiyməti yerində qalır və onun üzərinə bir kağız qoyub endirim yazırlar. Bir sözlə, elə əvvəlki qiyməti yazır və guya ki istehlakçıya bir jest edirlər. Əslində isə bu istehlakçının aldadılmasıdır. Ona görə də istehlakçı öz hüquqlarını və malın əvvəlki qiyməti barədə sənədləri tələb edə bilər. Satıcı isə onu göstərməyə borcludur. Çox təəssüf ki istehlakçının bu kimi tələblərinə adekvat əməl olunmur. Qiymət siyasətinə nəzarət etməli olan dövlət orqanı olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə demək olar ki, heç bir iş görmür. Süni qiymət artımı və istehlakçıların qiymətdə aldadılması məsələsi daim davam edir. Xüsusən kartla ödəyəndə bu daha çox özünü büruzə verir.
AİB tətqiqatı göstərir ki, bir ildə Azərbaycan istehlakçıları hətta almadıqları mal üçün yəni, xüsusən kartla ödənişdə 500 milyon manat pul ödəyirlər. Ona görə də istehlakçılar kassa çekini alanda diqqətlə kassa çekinə, endirimin nəzərə alınıb-alınmadığına, aldıqları malın siyahısına baxsınlar və s. Bəzən də insanın almadığı malı kassa çekinə vururlar. Bu kimi hallar istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir.
İnsanlar telefonlarına gələn ismarıclara baxmır, kartla ödəniş edirlər və almadığı malı ora yazırlar. Yəni, ona görə də biz məsləhət görürük ki, dükandan çıxmadan telefonunuzun ismarıc bölməsinə, kassa çekinə, mallara baxın".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB