Zəfər festivalına Azərbaycan Bəstəkarlar İttifaqının töhfələri

Zəfər festivalına Azərbaycan Bəstəkarlar İttifaqının töhfələri

Hər bir sənət əsərinin yaranmasında sənətkarın istedadı ilə bərabər onun yaşadığı tarixi şəraitin də mühüm əhəmiyyəti var. Əslində hər bir yaşanılan tarix öz dövrünün sənətkarlarının yaradıcılığında tərənnüm edilməlidır ki, gələcək nəsillər də bu tarixdən xəbərdar olsun. Bu mənada musiqi incəsənəti özündə çox tarixi faktları ehtiva edir. Belə ki, keçmişimizin və bu günümüzün bir çox tarixi hadisələri bəstəkarlarımızın müxtəlif janrlı musiqi əsərlərində öz əksini tapıb. Musiqi və onun peşəkar yaradıcısı olan bəstəkarlar sanki tarixlə qoşa addımlayıblar. Onların qələmə aldıqları əsərlər insanların mənəvi zövqünü oxşamaqla bərabər hiss və duyğularını da ifadə edir. Yaşadığımız tarixin qələbə əzmini tərənnüm edən, zəfərimizdən soraq verən əsərlər buna misaldır. Bu əsərlərin də ilk ünvanı Azərbaycan Bəstəkarlar İttifaqıdır. Çünki əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu İttifaqın fəaliyyəti daim tarixi şəraitlə səsləşib. Odur ki, Azərbaycan Bəstəkarlar İttifaqının hər bir üzvü yaşadığımız tarixin möhtəşəm zəfərini musiqinin müxtəlif janrlarında qələmə aldıqları əsərlərində böyük ruh yüksəkliyi ilə ifadə edirlər. Şanlı qələbəmizin üçüncü ildönümünə həsr olunan “Zəfər festivalı”na Azərbaycan Bəstəkarlar İttifaqı da öz töhfələrini verdi. Bu töhfələr bəstəkarlarımızın Qələbə müjdəli əsərlərindən ibarətdir və həmin əsərlər “Zəfər festivalı” çərçivəsində geniş tamaşaçı auditoriyasına təqdim olundu. Müxtəlif musiqi ocaqlarında keçirilən konsert proqramları buna misaldır. Beləliklə oxucularımıza da həmin konsertlər haqqında qısa bir məlumat verək:

7 noyabrda M.Maqomayev Adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Zəfər” musiqi və teatr festivalı çərçivəsində 8 noyabr “Zəfər” gününə həsr olunan möhtəşəm bir konsert keçirildi. İlk musiqi nömrəsi olaraq dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uverturası səsləndi. Ümumiyyətlə, bu konsertdə Üzeyir bəyin Əhməd Cavadın sözlərinə “Çırpınırdın Qara dəniz” və sonda “Koroğlu” operasından “Çənlibel” xoru səslənməklə sanki dahi sənətkarın ruhu da bu zəfəri müjdələdi. Unudulmaz bəstəkarımız Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu da musiqi bayramına xüsusi bir rəng qatdı.

Konsertin proqramı Zəfər müjdəli əsərlərlə zəngin idi. Bunlardan Xalq artistləri Firəngiz Əlizadənin “Zəfər Marşı” (sözləri müəllifindir), Dadaş Dadaşovun “Qələbə uverturası”, Faiq Sücəddinovun “İthaf” (sözləri Baba Vəziroğlunundur), Eldar Mansurovun “Ulu torpaq” (sözləri Nahid Hacızadənindir), Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Əsgər marşı”, “İrəvan Türk Cümhuriyyətinin Dövlət himni” (sözləri İsmayıl Böyüktürk və Abdulla Cəfərlinindir), “Zirvə” (sözləri Aydan Xəndanındır) əsərlərini və mərhum bəstəkar Rauf Əliyevin “Şuşanın dağları başı dumanlı” simfonik poemasını qeyd edə bilərik. Adı çəkilən əsərlər sanki dünənlə bu gün arasında bir mənəvi körpüdür. Keçmişin nisgili, bu günün Zəfəridir. Çünki artıq Şuşamızın başı dumanlı deyil. Şuşa həmişə olduğu kimi bu gündə iftixar, qürur yerimizdir. Elə bu əsərləri də ifaçılarımız fəxrlə, qürurla ifa etdilər. Dirijor Mustafa Mehmandarovun idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşaiəti, xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət xor kapellası, solistlər xalq artisti Azər Zeynalov, əməkdar artist Tural Ağasiyev, respublika və beynəlxalq müsabiqələr laureatı Rauf Məmmədzadə öz ifaları ilə tamaşaçılara əsl mübarizə əzmi, qələbə ovqatı bəxş etdilər.

7 noyabr tarixində daha bir konsert Beynəlxalq Muğam Mərkəzində keçirilib. Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, professor Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır” adlı müəllif konsertində bəstəkarın vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlər səslənib. Ümumiyyətlə, Məmmədağa Umudovun yaradıcılığında qələbəmizi tərənnüm edən əsərlər geniş yer tutur. Bəstəkar hələ 2016-cı ilin aprel döyüşlərindən sonra “Qələbəyə doğru” əsərini yazmaqla sanki bu günkü şanlı qələbəmizə öz əminliyini ifadə edib. Onun doğma Şuşamıza, müzəffər ordumuzun qələbəsinə həsr etdiyi əsərlərinin kitab şəklində nəşri də musiqi mədəniyyətimizə dəyərli töhfədir. Bu barədə tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Jalə Qulamova daha ətraflı danışaraq bəstəkarın konsertdə səslənən əsərləri haqqında da tamaşaçılara məlumat verdi. Proqramda “Cümhuriyyət marşı”, şəhid Xəyyam Əliyevin xatirəsinə həsr olunan “Duyğular”, tar və simfonik orkestr üçün Konsert, “Zəfər”, “Qala” və “Qarabağ Azərbaycandır!” əsərləri səsləndi. Bu əsərlərin ərsəyə gəlməsində təbii ki, ifaçıların da mühüm rolu var. Onlardan Respublikanın Əməkdar artistləri Sahib Paşazadə, İlham Nəcəfov, pianoçular Səbinə Zöhrabzadə, Svetlana Əhmədova, Aidə Həsənova, Mehriban Kərimova, Füruzə Qədimalıyeva, Türkiyəli pianoçu Can Okan, violin ifaçısı Cihad Aşkın, violonçel ifaçısı Cəlalə İsmayılzadənin adlarını çəkə bilərik. Konsertdə bəzi əsərlər videolarla təqdim olundu. Xalq artisti, görkəmli dirijor Fəxrəddin Kərimovun və gənc dirijor Mustafa Mehmandarovun interpretasiyalarında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə səslənən tar Konserti, “Qarabağ Azərbaycandır!”, “İsgəndərnamə” baletindən fraqmentlər, “Cümhuriyyət marşı”nı qeyd edə bilərik.

Azərbaycan Bəstəkarlar İttifaqının Zəfər günlərində həyata keçirilən tədbirləri içərisində Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan Konsert də xüsusi yer tutur.

Noyabrın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, görkəmli dirijor Fəxrəddin Kərimovun rəhbərliyi və idarəsi ilə Q.Qarayev adına Kamera orkestrinin müşayiətində müxtəlif nəslə mənsub bəstəkarların Ulu öndərə həsr olunan əsərləri ifa edildi. Bu yerdə Fəxrəddin müəllimin xidmətlərini xüsusi olaraq qeyd etməliyik. Çünki səslənən əsərləri bədii məzmununa görə düzgün təyin etmək, ilk dəfə ifa olunan əsərləri tamaşaçılara dolğun şəkildə çatdırmaq təbii ki, dirijordan böyük məharət tələb edir. Bu işin öhdəsindən bacarıqla gələn Fəxrəddin Kərimov həmişə olduğu kimi yenə də yüksək sənət nümunəsi nümayiş etdirdi.

Konsertdə səslənən əsərlərin əksəriyyəti ilk dəfə təqdim olundu və o əsərlərlə oxucularımızı da tanış edək:

Proqrama vokal və instrumental əsərlər daxil edilmişdir. Əvvəlcə Əməkdar artist Elza Seyidcahanın Həsən Kamilin sözlərinə bəstələdiyi xor, solist və qiraətçi üçün “Ulu öndərə ithaf” əsəri səsləndi. Əsəri orkestrin müşayiəti, Əfruz Süleymanovanın idarəsilə C.Cahangirov adına xor, Əməkdar artistlər Azad Şükürov və İnarə Babayeva təqdim etdilər.

Əməkdar müəllim, bəstəkar Lalə Cəfərovanın Leyla Əliyevanın sözlərinə bəstələdiyi “Darıxıram” romans-balladası nəvənin babaya olan hisslərini ifadə edirdi. İlk dəfə səslənən bu əsəri Fəxri Kazım Nicat ifa etdi.

Bəstəkar Kəmalə Əlizadənin Əməkdar artist İlham Nəzərovun ifasında səslənən “Vətənim mənim” romansı da maraqla qarşılandı.

Konsertdə səslənən digər əsərlər instrumental musiqi nümunələri olsa da onların da əsas qayəsi Ulu öndərin obrazının, onun xatirəsinin musiqidə təcəssümü idi. Həmin əsərlərdən Xalq artisti Azər Dadaşovun “Serenada”sını qeyd edə bilərik. Bu yerdə onu da deməliyik ki, Q.Qarayev məktəbinin layiqli davamçısı olan Azər Dadaşov Ulu öndərə bir neçə əsər həsr edib. Onun 16-cı simfoniyası və ilk dəfə Filarmoniyada səslənən “Serenada” əsəri isə məhz 100 illik yubileylə bağlıdır.

Konsertdə ilk dəfə səslənən əsərlərdən biri də Yaşar Xəlilovun tar və orkestr üçün “Heydər dastanı” idi. Əməkdar artist tarzən Zeynalabdin Babayev orkestrin müşayiəti ilə 4 hissəli əsərin 1-ci və 4-cü hissələrini ifa etdi.

Heydər Əliyevin xatirəsinə Rüfət Ramazanovun əsəri də elə “Xatirə” adlanırdı. Bəstəkar bundan əvvəl də 2013-cü ildə Ulu öndərə “Əsrin dahisi” adlı simfonik dastan yazıb. “Xatirə” əsəri isə 100 illiyə həsr olunub və ilk dəfə səsləndi.

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan və ilk dəfə səslənən əsərlərdən biri də Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın Kamera Orkestri üçün Diptix “Ulu öndər” əsəri oldu.

Nərminə Nağıyevanın “Kader” və qazi bəstəkarımız Vüqar Məmmədzadənin “Adajio” əsərləri də öz orijinallığı və bədii məzmunun dolğun ifadə vasitələri ilə mövzunu əhatə edən əsərlər idi.

Konsertin proqramında Ulu öndərlə bahəm onun ömür-gün yoldaşı, görkəmli akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu. Bu mənada bəstəkar Samir Əliyevin “Elegiya” əsərini qeyd edə bilərik. Heydər Əliyev və Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan bu həzin və lirik məzmunlu əsəri orkestrin müşayiəti ilə çello alətində Beynəlxalq müsabiqələr laureatı Orxan Hüseynov ifa etdi.

Konsertin sonunda bəstəkar, Beynəlxalq müsabiqələr laureatı Pikə Axundovanın “Vətənə doğru” adlı əsəri səsləndi. Əsər maraqlı tərkib üçün yazılıb. Belə ki, orkestrin müşayiəti ilə tar (İbrahim Babayev), kamança (Hüseyn Nağıyev), balaban (Nicat Məsimov) alətlərinin və ritm qrupunun (Cəfər Həsənovun rəhbərliyi ilə) birgə ifasından möhtəşəm bir səslənmə dinlənildi. Əvvəla qeyd edək ki, milli elementlərin vəhdəti Pikə Axundovanın dəsti-xəttinin əsas qayəsidir. Bu əsərdə həmin cəhət daha qabarıq şəkildə öz əksini tapıb. Belə bir əsərin məhz proqramın sonunda təqdim olunması konsertin ideya və mövzu dairəsinin sanki kulminasiyası idi.

Beləliklə, Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev-100” silsiləsindən daha bir tədbirini Mədəniyyət Nazirliyinin də dəstəyi ilə həyata keçirməklə həm Ulu öndərin obrazının musiqidə təcəssümünü, həm də Azərbaycan bəstəkarlıq məktəbinin uğurlu fəaliyyətində məhz Heydər Əliyevin bəstəkarın yüksək amalı və vəzifələri – adlı tövsiyyələrindən bəhrələndiyini bir daha nümayiş etdirdi. Buir sözlə, bəstəkarlarımız üçün Heydər Əliyev obrazı əsl ilham mənbəyidir. Odur ki, Ulu öndərin 100 illik yubileyi bir daha onların yaradıcılıq eşqinin daha da rövnəqləndirdi. Hər bir bəstəkar bu yubileyə öz töhfəsini verməyə çalışır. Bu mənada musiqişünaslar da bir xeyli tədqiqat işləri ərsəyə gətiriblər.

Respublikanın Xalq artisti, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Bəstəkarlar ittifaqının sədri Firəngiz Əlizadənin ideya-müəllifi və sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının tərtibçi-müəllif olduğu “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı bu yubiley ilində Ulu öndərimizə musiqi ictimaiyyətinin hörmət və məhəbbətinin ifadəsidir. Kitabda dahi şəxsiyyətin Azərbaycan musiqi mədəniyyətinə olan qayğı və diqqəti rəsmi sənədlərdə öz əksini tapıb və ona həsr olunan musiqi əsərlərindən bəhs olunur.

Ulu öndərin layiqli davamçısı və xalqımıza bu zəfər sevincini bəxş edən Ali Baş Komandan möhtərəm Prezidentimiz İlham Əliyev də öz fəaliyyətində musiqi mədəniyyətinə xüsusi diqqət göstərir. Cənab Prezidentimizin bu xidmətləri də Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadənin ideya-müəllifi və Səadət Təhmirazqızının tərtibçi-müəllif olduğu “İlham Əliyev və musiqi mədəniyyəti” kitabında da öz əksini tapıb. Bu kitabların təqdimatı da musiqi mədəniyyətimiz üçün mühüm əhəmiyyət kəsb edir.

11-15 noyabr tarixlərində Ekspo Mərkəzində IX Bakı Kitab Sərgisi çərçivəsində təqdimat mərasimi baş tutan çox maraqla keçdi. Xüsusən gənc nəslin nümayəndələri bu təqdimata maraq göstərib adı çəkilən kitabları əldə etmələri gənclərimizin uğurlu gələcəyindən soraq verir. Bu gələcəyin də mənbəyi Heydər Əliyev idealogiyası, qurucusu isə İlham Əliyevin tarixi fəaliyyətlərindən intişar tapır. Bu silinməz tarix elm və incəsənətdə o cümlədən, musiqidə də tərənnüm olunur.

“Heydər Əliyev və musiqi mədəniyyəti”, “İlham Əliyev və musiqi mədəniyyəti” kitablarının təqdimat mərasimində iştirak edənlər də bu iki şəxsiyyətin böyük tarixi əhəmiyyətindən danışdılar. Jurnalist, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Radiosunun xüsusi layihələr departamentinin rəhbəri Dilşad Tahirqızı, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov və digər tanınmış ziyalılar çıxış edərək Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyev və İlham Əliyevin fəaliyyətinin misilsiz olduğundan bəhs edərək təqdim olunan kitabların mədəniyyətimiz üçün dəyərli töhfələr olduğunu vurğuladılar.

Beləliklə, Zəfər Festivalı çərçivəsində Azərbvaycan Bəstəkarlar İttifaqı da öz töhfələri ilə musiqi xadimlərinin də fəaliyyətini nümayiş etdirdi. Bu yaradıcılıq fəaliyyətinin davamlı və uğurlu olmasını arzulayırıq.

SƏADƏT TƏHMİRAZQIZI
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

Bütün xəbərlər Facebook səhifəmizdə