“Azərbaycanda dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən edilib. Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Fariz Əkbərov sözlərinə belə davam edib: “Dəfn pulu müavinətini Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər ala bilərlər.
Yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum əmək pensiyasının- 280 manatın 3 misli, yəni 840 manat, ömürlük müavinət alan dövlət qulluqçuları, yaşa görə, əlilliyə görə sosial müavinət alan şəxslər, ailə başçısını itirməyə görə, habelə 1 iyul 2022-ci il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və hazırda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi müavinət alan uşaqlar, sığortaolunan və işsizlikdən sığorta ödənişini alan şəxslər 2023-cü ilin yanvarın 1-dən sonra vəfat etdikdə isə 500 manat məbləğində birdəfəlik müavinət ödənilir.
Müavinət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə təyin olunur.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. Qurumun məlumatına görə, əməkhaqqı və ya müavinət almayan şəxslərə dəfn üçün pul ödənilmir:
İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.
Müavinət müraciət etmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə təyin edilib ödənilir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Dəfn üçün müavinəti əldə etməklə bağlı ölüm haqqında arayışın əsli, ölüm haqqında şəhadətnamənin surəti, vəfat edən şəxs əmək pensiyaçısı olduqda yerli bələdiyyə orqanından, vəfat edən şəxs sosial müavinət alan şəxs olduqda isə dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı, vəfat edən şəxsin dəfn xərclərini öz üzərinə götürən şəxsin şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmalıdır. Qanunvericiliyə əsasən, dəfn pulundan vergi və məcburi sosial sığorta haqları tutulmur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə