Son günlərdə ölkədə ictimai nəqliyyatda gediş haqqının artırılacağı ilə bağlı xəbərlər yayılıb. Məlumatlara görə, bu sektorda fəaliyyət göstərən şirkətlər artımla bağlı İqtisadiyyat Nazirliyinə müraciətlər ünvanlayıb. Bu xəbərlər əhali arasında müxtəlif fikirlər formalaşdırıb. Bəs şəhər sakinləri və xüsusilə də, tələbələr bu barədə nə düşünür? Artım onların sosial-iqtisadi həyatına necə təsir edəcək? SİA mövzu ilə bağlı paytaxt sakinəri arasında sorğu keçirib.
Paytaxt sakini Elgün Hüseynov: “Düşünürəm ki, ictimai nəqliyyatda gediş haqqı hər kəsin aldığı əməkhaqqı ilə uzlaşmır.
İstər gediş haqları, istər marketinq sistemi, istərsə də digər xidmətlər əməkhaqqı ilə uyğun deyil. Normal ailələr bunu ödəməkdə çətinlik çəkəcəklər. Buna bir çıxış yolu tapılmalıdır".
Paytaxt sakini Niyaz Hacıyev: “Mən Bakıya uzaqdan gəlirəm. Gediş haqlarının artırılması mənim üçün üçqat ziyandır. Çünki universitetə gələrkən üç nəqliyyat vasitəsi dəyişirəm.
Aldığım təqaüd ilə yol pulunu qarşılaya bilməyəcəm. Əgər təqaüdlər artırılarsa, qarşılaya bilərəm. Hal-hazırda isə bu, mümkün görünmür".

Paytaxt sakini Aytac Fuadqızı: “Əgər gediş haqqı artırılarsa, biz tələbələr üçün çox yaxşı avantaj olar. Elə vaxt olur ki, çox sıxlıq olur, 3 qatar ötürürəm. Ona görə də, artırılarsa, çox sevinərəm.
Saatlar da müəyyən olunar ki, hansı saatda qatarlar boş olur və tələbələr bundan yararlansın”.

Paytaxt sakini Elşən Soltanzadə: “Təbii ki, bu artım bizə sərf etmir. İndiki halda belə, harasa gedib qayıtmaq haradasa 1 manata başa gəlir, 20 qəpik də qalır. Daha da artırılsa, 2 gediş 1 manatdan yuxarı olacaq, bu da tələbə olaraq büdcəmizə uyğun deyil".
Paytaxt sakini Elbrus Kərimli: “Mən ictimai nəqliyyatdan gündəlik az istifadə edirəm. Amma çox istifadə edənlər var.
Şəhərdən kənarda yaşayan insanlar bir neçə avtobus dəyişmək məcburiyyətində qalırlar. Qiymətin artması həmin şəxslərə maddi baxımdan sərf etmir”.

Paytaxt sakini Elvin Cəfərov: “Hazırda həm ölkəmizdə, həm də dünyada çox böyük bir iqtisadi böhran var. Bunu da nəzərə almalıyıq ki, tək həssas qruplara yox, həm də dövlət işində işləməyən şəxslərə və bilavasitə tələbələrə ictimai nəqliyyatda qiymət artımı çox mənfi təsir edəcək.
Bununla bərabər ölkədəki iqtisadi böhran və yeni müharibədən çıxmış bir ölkə şəraitində gediş haqlarının qaldırılmasına münasibətim olduqca mənfidir”.

Paytaxt sakini Hamar Quluzadə: “Düşünürəm ki, ictimai nəqliyyatda, əsasən də, tələbələrin daha çox istifadə etdiyi metroda gediş haqqının 1 il ərzində 2 dəfə artırılması heç düzgün deyil. Tələbələrin əksəriyyəti metrodan istifadə etdiyi üçün bu onlara çətinlik törədəcək”.
Paytaxt sakini Kamil İsgəndərli: “Mən, gediş haqqının 10 qəpik artmasının vətəndaşların büdcəsinə problem yaradacağını düşünmürəm. Ona görə ki, bundan öncə də 10 qəpik artırılanda, insanlar növbəti vaxtlarda metrodan istifadə etməyə davam etmişdilər. Hər kəsin düşüncəsi fərqli ola bilər, mənim düşüncəm budur ki, 10 qəpik artım büdcədə problem yaratmayacaq”.
Paytaxt sakini Ceyhun Vaqifli: “Nəqliyyat vasitələrində gediş haqqının artırılması bir çox hallarda, əsasən, tələbələrə problem yaradacaq.
Özüm də tələbə olmuşam, indi çalışıram, hazırda qardaşım tələbədir. Gediş haqlarının artırılması ona daha çox problem yaradacaq. Elə mənim də maaşıma öz təsirini göstərəcək”.
Paytaxt sakini Aytac Bakıxanova: “Gediş haqqının artırılacaq olması heç yaxşı bir hal deyil. Nəzərə alsaq ki, ilin əvvəli bir dəfə artırılmışdı. Ən azından bir neçə ildən sonra bu məsələ gündəmə gəlsə, daha yaxşı olar.
Maaşlarda və təqaüdlərdə artım olsa, artım əhalinin də gözünə görünməz”.
Paytaxt sakini Nübar Allahverdiyeva: “Mən ictimai nəqliyyatdan nadir hallarda istifadə etsəm də, qrup yoldaşlarımdan eşidirəm ki, artım onlara mənfi təsir edəcək. Təqaüdlər də artırılarsa, balans qorunar”.
Paytaxt sakini Aydan Rəsulzadə: “Gediş haqqının artırılması doğru deyil. Hazırda 40 qəpikdir, indi belə çətinliklə ödəyənlər var. Tələbələr üçün daha çətindir, tələbə təqaüdləri azdır. Təqaüdlərini yolamı, yeməyəmi, yoxsa başqa ehtiyaclarınamı çatdırsınlar. Maaşlar da hər kəsin ürəyincə deyil. Maaşlarından narazı olan adamlarda daha çox narazılıq yaradacaq”.
Paytaxt sakini Fəridə Əmiraslanova: “Əmək haqları artır, bunun müqabilində digər sahələrdə də artımlar olur. Əhalinin həyat səviyyəsini artırmaq üçün atılan bu addımdan sonra mənfi addımların atılması əhalinin həyat səviyyəsini daha da aşağı salır. Bu da insanlar arasında narazılığa səbəb olur. Bu da haqlı narazılıqdır.
Əhalinin bütün təbəqələri eyni səviyyədə yaşamır və eyni maaşı almır. Ən azından əhalinin aşağı səviyyəli təbəqələri də nəzərə alınmalıdır”.
Rafiq Yusifov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB