“Bütün fənlərin tədrisi insanın bilik öyrənməsinə yönəlməyib“ - EKSPERT FİKİR BİLDİRDİ

“Bütün fənlərin tədrisi insanın bilik öyrənməsinə yönəlməyib“ - EKSPERT FİKİR BİLDİRDİ

“Müasir təhsil sistemində ənənəvi fənlərin bəziləri vacibliyini itirib. Məsələn, tarix fənlərinin birləşdirilməsi bəlkə də mümkün olar. Həmçinin, ola bilsin, həyati bacarıqlara hazırlıq bir fənn kimi ləğv edilə, digər fənlərin tərkibində tədrisə əlavə oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bütün fənlərin tədrisi, əslində, insanın sadəcə, bilik öyrənməsinə yönəlməyib: “Bu fənlərin tədrisi həmçinin, insanın şəxsiyyət kimi formalaşmasına, həyati bacarıqlar əldə etməsinə, etik dəyərlərə yiyələnməsinə xidmət edir. Bu səbəblə hər hansı fənninin tədrisinin tamamilə dayandırılması deyil, başqa fənlərlə ümumiləşdirilməsini də tətbiq edə bilərik.

Xüsusi ilə müasir dövrün tələbini nəzərə alınaraq İnformatika fənni ilə yanaşı, əlavə olaraq X-XI siniflərdə fakültətiv saatların hesabına şagirdlərə İKT bacarıqları kursu keçilməsi mümkündür.

Orta məktəblərdə "İnsan və cəmiyyət" fənni tədris olunurdu, hazırda bu fənn "Həyat bilgisi"nə salınıb. 80-cı ildə ilk dəfə olaraq Azərbaycan tarixi SSRİ tarixinin tərkibindən ayrılıb və müstəqil fənn kimi tədrisə daxil edilib.
Əvvəl şagirdə nə öyrədirdinsə, onu da öyrənirdi. İndi resurs var, müəllim bələdçidi, şagirdin isə bu resursa yaradıcı şəkildə yanaşmasına imkan verilir. Digər tərəfdən, istər özəl təhsil, istərsə də dövlət məktəbi olsun, heç birində təhsil dövlət standartından kənara çıxa bilməz. Bu, bütün dünyada belədir. Sovet dövründə dövlət təhsil standartı deyilən anlayış yox idi. İndi isə hər bir fənnin standartı var. Hər mövzu üçün məzmun xətti, standart və alt standart müəyyənləşib. Məzmun xəttində konkret nəyi öyrətmək, standart və alt standartda isə şagirdin bilik və bacarığına uyğun nə öyrənməsi əsasdır.

Həndəsə ilə cəbr fənnini necə birləşdirmək olar? "Həyat bilgisi" dərsliyində hər fəndən bir az var, bu da özünü doğrultmur. Astronomiyanı fizika ilə birləşdirmək doğru deyil. Orta ümumtəhsil məktəbinin vəzifəsi məzunlara sistemləşdirilmiş bilik, bacarıq və vərdiş verməkdir.

Dərs proqramları fənləri birləşdirmək hesabına yüngülləşməməlidir. Sovet dövründə tədris ili 36 həftə idi, 5 günlük dərs sisteminə keçməklə, bunu 32 həftəyə endirdilər, ona görə də dərs proqramlarında ağırlıq yaratdı. Üstəlik, bayram günlərinin də sayı çoxdur. Ona görə nazirlik tədris ilinin sonunu 3 həftə uzadıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə