Psixologiyada özünə inamı necə əldə etmək olar? - MÜTƏXƏSSİS FİKRİ

Psixologiyada özünə inamı necə əldə etmək olar? - MÜTƏXƏSSİS FİKRİ

“Özünə inam məqsədə çatmaq və həyatda uğur qazanmaq üçün vacib xüsusiyyətlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Günel Allahverdiyeva sözlərinə belə davam edib: “Özünə inam hissi insanın özünə güvənməsi, sevməsi, bütün gözəlliklərə layiq olduğuna inanması, öz mənliyinə olan hörmətini, özünə qarşı məmnuniyyətin ifadəsidir. Bu hiss insanla birgə doğulur və formalaşır. İnsanın yaşadığı mühit və cəmiyyət insanda özünə inam hissinin formalaşmasında mühüm rol oynayır.

İnam hissi bizə həyatda problemlərlə mübarizə aparmağı öyrədir və çətinliklərlə rastlaşanda təslim olmamağı tövsiyə edir. Bu hiss insana güc verir, onun enerjisini artırır və daha çox səy göstərməsinə səbəb olur.

Özünə inam hissi olan hər bir şəxs öz uğurları ilə qürur duyur və onlardan zövq alır. Özünə inam artıb-azalan bir hissdir. Bəzi günlərdə insan özünü daha etibarlı, daha güclü hiss edir, bəzi günlərdə, vaxtlarda isə öz şəxsi keyfiyyətlərini az dəyərləndirir. Belə olan halda insan ruhdan düşməməlidir, özünü başqa insanlardan az mükəmməl hesab etməməlidir.

İnsan özünə qarşı yaranan inam hissini daim inkişaf etdirməlidir. Bu istək və səbr tələb edən böyük işdir. Hətta ən iradəli və qətiyyətli insanlarda belə bəzən inam hissi azala bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə