“Nə istədiyini bilməyən insanlar həyatda daha çox səhv edir” - PSİXOLOQ FİKRİ

“Nə istədiyini bilməyən insanlar həyatda daha çox səhv edir” - PSİXOLOQ FİKRİ

“İlk olaraq qeyd etməliyəm ki, ətrafımızda, cəmiyyətdə nə istədiyini bilməyən, heç bir məqsədi olmayan insanlar var. Bu mövzu haqqında “Nə istədiyini bilməyən insanların problemləri nədir? Ümumiyyətlə bunun psixoloji durumla əlaqəsi varmı?” kimi suallar alıram. Bildirmək lazımdır ki, nə istədiyini bilməyən, həyatda hansı yolla irəliləyəcəyini özü üçün bəlli etməyən insanlar bəzən bunu özləri də etiraf edirlər. Məsələn bunu abitruyentlərin və ya yuxarı sinif şagirdlərində müşahidə edirik. Onlarda hansı sahəni seçəcəyi, gələcəkdə özünü harda görəcəyi barədə sual ünvanladıqda bir çoxu cavablandıra bilmir. Həmçinin hər hansısa mağazaya gedib sevdiyi bir şeyi alır lakin evə gəldikdə fikri dəyişir, “onu niyə aldım ki? Gərək heç almaz idim”, kimi fikirlər səsləndirən insanlar da var”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, tərəddüdlü, çox fikir dəyişkənliyi olan insanlarda özgüvən aşağı olur: “Özgüvən əskikliyi, tez-tez qərarsızlıq yaşayan insanlar eyni zamanda depsessiyaya da meyilli olurlar. Ona görə də belə insanlarla zamanında psixoloqa müraciət etməli və eqoterapiya (özgüvən terapiyası) keçmələri lazımdır.

Belə insanlar bir məsələdə deyil, həyatlarında baş verən bir çox şeylərdə qərarsız, tez-tez fikir dəyişən olurlar. Ona görə də kiçik yaşlardan valideynlər uşaqlara qərar qəbul etmək vərdişini aşılamalıdır. Xüsusən avtoritar və mükəmməliyyətçi ailədə böyüyən uşaqlarda bu hallara çox təsadüf edilir. Çünki qərarları onların yerinə valideynləri düşünür və öz istəklərinə görə onları yönləndirir. Başqa sözlə ifadə etsək övladlarına seçim haqqı vermirlər. Artıq övladı böyüyüb müəyyən yaşa çatdıqda isə valideyn onun məsuliyyətsiz olmasından, düzgün qərar qəbul edə bilməməsindən şübhələnir. Ancaq, valideynlər bilməlidirlər ki, bunun təəməlini onlar qoyub. Qeyd etdiyim kimi burada əsas məsələlərdən biri valideynin övladına seçim haqqı verməsidir. Ən sadə misalla bunu izah etsək, məsələn marketdən meyvə şirəsi aldıqda bunu valideyn özü yox, övladının seçməsi, qərar verməsi üçün şərait yaratmalıdır. Bunlar çox kiçik görünsə də uşaqlarda irəli yaşlarda düzgün qərar vermək bacarığını formalaşdırır və beləliklə, nə istədiyini bilən güclü şəxsiyyət formalaşır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə