Zəfər və Bayraq günündə şəhid valideynləri ilə bir yerdə - TƏDBİR - FOTOLAR - VİDEO

Zəfər və Bayraq günündə şəhid valideynləri ilə bir yerdə - TƏDBİR - FOTOLAR - VİDEO

10 Noyabr 2023 cü il Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı ilə 8 Noyabr Zəfər günü və 9 Noyabr Bayraq günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə iştirak edən 44 günlük Vətən müharibəsi şəhidlərimizin ailələrinə şəhidlərimizin adına hazırlanmış medallar təqdim olunub.

Azərbaycan Dövlət himni səsləndirildikdən və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad etdikdən sonra İctimai Birliyin sədri Rövşən Ağamlıyev tədbirdə iştirak edən şəhid analarını Zəfər və Bayraq günü münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycan xalqının əldə etdiyi bu Zəfərə görə, şəhidlərimizə borcluyuq.

Bununla yanaşı vurğulayıb ki, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin layihəsi genişdir və hər dəfə şəhid ailələrinin bir qismi ilə görüşüb şəhidlərimizin əziz xatirəsini yad edib, onların adına hazırlanmış medalları təqdim edirik və bundan sonra da bu işi davam etdirəcəyik. Devizimiz daima şəhidlərimizin əmanəti olan ailələrin yanında olmaq, şəhidlərimizi tanıtdırmaq və unutdurmamaqdır.

Tədbirdə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov və təşkilatın Qadınlar Şurasının sədri Nəcibə Ağamalıyevanın çıxışları və medal təqdimatları olub. Qonaq qismində iştirakçılardan şairələrimizdən Püstə Rəvan, Almaz Alıqızı vətənpərvər şeirlərini səsləndiriblər.

Şəhid Mayor Elçin Mənsurovanın anası Məleykə xanım, Aprel döyüşləri şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, şəhid Bəxtiyar Aslanovun anası Tünzalə Zöhrabova, 1994 cü il şəhidi Yaşar Seyidovun bacısı Vəfa Seyidova tədbirlə bağlı öz ürək sözlərini deyiblər. Ali Baş Komandana, Azərbaycan Ordusuna, şəhid və qazilərimizə bu Böyük Qələbəni, Zəfəri bizlərə nəsib etdikləri üçün təşəkkürlər dualarını çatdırıblar.

Bu dəfəki tədbirdə adlarına medal təsis olunmuş şəhidlər aşağıdakılardır:
Şəhid Əli və İslam Əhmədovlar (anası Sevinc Əhmədova)
Şəhid Musa Məmmədov (anası Rübabə Məmmədova)
Şəhid Mehrab Niftəliyev (anası Xalidə Niftəliyeva)
Şəhid Xudayar Yusifzadə (anası Radə Qurbanova)
Şəhid Milli Qəhrəman Mübariz İbrahimov (atası Ağakərim İbrahimov)

Şəhidlərimizin ruhu şad olsun! Qazilərimizə isə Allahdan şəfa diləyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə