Qədim və müasir ÇİN - SƏFƏR TƏƏSSÜRATLARI

Çinin Azərbaycanda fəaliyyət göstərən səfirliyinin təşkil etdiyi yeddi günlük Çin Xalq Respublikasına mediatur səfərimizin maraqlı, yaddaqalan və rəngarəng təəssüratlarını sizlərlə bölüşmək istədim. Amma bir hadisə mənə səfərin sonundan başlamağa əsas yaratdı.

Çinə səfərimizin sonunda təyyarə ilə Sıçuan vilayətinin paytaxtı Çendu şəhərindən Urumçiyə qayıdırıq. Səfərimizdə proqram sıx olduğunda şəhərlərdə gəzmək, vaxt geçirtmək imkanı olmadığından xatirə qalsın deyə bir neçə hədiyyə almaq imkanı yalnız qaçaqaçla Çendu aeroportunda oldu. Amma... “Əmması” da budur ki, Çendudan Urumçiyə uçan təyyarə ölkədaxili reys sayılır, Bakıya Urumçidən uçan təyyarə isə beynəlxalq reys olduğu üçün əlimizdəki yüklərlə birgə yerli terminaldan beynəlxalqa keçidimiz zamanı aldığımız hədiyyələr ölkədən çıxarılması qadağan olunan yüklər siyahısına düşdü. Nə qədər israr etsək də hava limanı işçiləri hətta qonaq olduğumuzu da nəzərə almadılar, pulumuz da batdı, hədiyyələrimiz də. Beləliklə, səfərimizin sonunda baş verən xoşagəlməz hadisə bütün səfər təəssüratlarımıza təsir etdi...Amma bizə də aydındır ki, bütün ölkələrin özünəməxsus daxili qayda-qanunları, təhlükəsizliyi onlar üçün hər şeydən vasibdir. Məhz elə bu nüansı düşünərək belə marqlı və yaddaqalan səfər haqqında yazmaya bilməzdim.

Öncə oradan başlayaq...

Çin bütün mənalarda özünəməxsus ölkədir, çinlilər heç bir xalqın həyat tərzini təkrarlamır və açdığı cığırla irəliləyir. Çin zəngin tarixə və unikal mədəniyyətə malik qədim qüdrətli sivilizasiyanın beşiyi olmaqla, dünyaya ipəyi, farforu, barıtı, kağızı və digər faydalı əmtəələri bəxş edən ölkədir. Tarixi abidələri möcüzədir, təbiət mənzərələri füsunkardır, adamı heyran edir. Göz oxşayan landşafta malik olan ölkə həm də göydələnlərin bəzədiyi müasir şəhərləri ilə seçilir.

Çin qədimiliyi ilə yanaşı müasirliyi ilə də diqqəti cəlb edir. Son onillikdə bu inkişaf təəccüb doğuran sürətlə davam edir. XX əsrin birinci yarısında işğallara məruz qalan, yoxsulluğu ilə seçilən yarımfeodal Çin indi dünya iqtisadiyyatında ABŞ-dan sonra ikinci yeri tutur. Çin dünyanı “kitayski” paltar və ayaqqabı ilə təmin etməklə yanaşı yüksək texnologiyanın tətbiq olunduğu rəqabətdə bütün ölkələri üstələyən malların da ixracında öndə gedir. Bu, bir reallıqdır ki, Çin istehlakçıların, daha doğrusu sifarişçilərin bütün istəklərini yerinə yetirmək qabiliyyətində olan nəhəng bir kainat fabrikidir. Planetin sakinlərinin az qala üçdə birini məhz Çinin yüngül sənayesinin istehsalı geyindirir. Çin dünya iqtisadiyyatının əslində yeni arxitekturasını yaradıb.

Bakıdan Urumçiyə...

Çində iki dəfə olmuşdum, hər birində də ayrı-ayrı təəssüratla. Üçüncü dəfə bu yola çıxsam da həyəcanlı idim. Təyyarəmiz Sincan – Uyğur muxtar rayonunun Urumçi şəhərindəki beynəlxalq hava limanına endi. İlk dəqiqələrdən sakinlərin bizə yüksək səviyyədə qonaqpərvərlik göstərdiklərinin şahidi olduq. Rəsmi şəxslər, sadə vətəndaşlar, otel işçiləri, satıcılar, sürücülər, ofisiantlar və digər sakinlər bizi xoş sözlərlə, təbəssümlə qarşılayırdılar. Çinlilərin dediklərini başa düşməsək də, mimikalarından səmimi münasibətlərini anlamaq olurdu, uyğurların şirin türk ləhcələri bizə çox dogma gəlirdi. Dilimizə çox yaxındır. Gördüyümüz ideal təmizliyi qeyd etməsək olmaz. Məmurların nəzarəti sərt olsa da, insanlar da təmizliyə ciddi fikir verirlər. Yerli sakinlərin mentaliteti və xidmət sahəsində çalışanların zəhməti sayəsində bunlar mümkün olub.

Çin həm böyük ölkə, həm də çoxmillətlidir. Sincanda Çinin kiçik modelini gördük.Bütün millətlər dostluq və sevgi mühitində yaşayır.Urumçi aeroportu son texnologiyalarla təmin edilib və bütün bunlar insan amili minimuma endirmək üçündür.Hava limanından şəhərə gedən yol fabrik, zavod, göydələnlərlə əhatə olunub, yüzlərlə yeni binanın tikintisi də davam edir.Maraqlı məqam da var, o da hər qarış torpağın yaşıllaşdırılmasıdır.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə təşkil olunan səfər proqramında boş yer yox idi. Sərgilər, rəsmi şəxslərlə görüşlər, ləziz təamların təqdimatı və s. rəngarənglik. Mədəniyyət və Çin fəlsəfəsi ilə təmas hər addımda bu ölkənin zənginliyindən xəbər verirdi. Ölkəmizin 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcəkdi.

Urumçi şəhəri ilə tanışlıq çərçivəsində Planlaşdırma Muzeyini ziyarət etdik. Daha nümayəndə heyətimiz "Terrorla mübarizə və radikalizmlə mübarizə" mövzusunda sərgilərə tamaşa etdilər. Media nümayəndələri günün sonuna kimi Çində Sincan İncəsənət İnstitutunu, GAC (Guangzhou Automobile Group) Group-un Sincan filialını, eləcə də Asia Innovative Energy Co. Ltd-ni ziyarət etdilər. Şəhər Planlaşdırma Muzeyində bu yerlərin tarixi və inkişafı barədə geniş məlumat əldə etdik. Muzeyin kompleksi nadir layihə əsasında inşa edilib. Nəhəng bina çiçək formasındadır, ləçək şəklində altı korpusa bölünür. Burada, həm də bir çox maraqlı müəssisələr yerləşir. Muzeyin ekspozisiyası qədimiliklə müasirliyin ardıcıllığı prinsipi ilə düzülüb. Əvvəlcə qədim dövrlərə səyahət edirsən, sonra yenidən müasir dövrümüzə qayıdırsan.Böyük İpək Yolu dövrünün nümayişi də maraqlıdır. Sincan İncəsənət İnstitutu da maraqlı idi. Təqdim edilən musiqi alətləri Azərbaycan xalq alətləri ilə eyni idi, deyə bilərik. Yerli musiqiçilərin ifası da alqışlarla qarşılandı.

Çinin avtomobil sənayesi…

Bir çox şəhərlərin küçələrində bu ölkənin istehsalı olan avtomobilləri görmək olar. Azərbaycanlı jurnalistlərə Çinin avtomobil sənayesi müəssisələrindən birində istehsal prosesi ilə tanış olmaq imkanı yaradıldı. Quançjou şəhərində yerləşən “GAC Group”un yerli filialına maraqlı ekskursiya zamanı biz həmin avtomobillərin konveyerdən çıxması prosesini müşahidə etdik. Xatırladaq ki, həmin gün biz həm də Asia Innovative Energy Co. Ltd-ni də ziyarət etdik. Zavod və fabriklərin hər biri ilə yaxından tanış olduqda bu möhtəşəm obyektlərin dünya üçün nə qədər əhəmiyyətli töhfə verəcəyini anlayırsan. Onlar hamısı isə Çinin azad bazar iqtsadiyatını inkişaf etdirməklə müxtəlif ölkələrdə öz brendləri ilə tanınmasına xidmət edir.

Ecazkar təbiət mənzərələri…

Regionun turizm imkanları genişdir. Ərazisi 1 665 000 kvadrat kilometr olan muxtar rayonun Tyan-Şan dağ silsiləsi, göllər və çayları, möhtəşəm fauna və florası var. İnsan bu gözəlliyə valeh olur. Amma bu ecazkar təbiət mənzərələrinə tamaşa etmək istəyən xarici turistlərin sayı azdır, bu da yerli sakinlərlə yanaşı, məmurları da məyus edir. Tyan-Şanda yerləşən Tyançi gölü dünyada səyahətçilərin getmək istədiyi xüsusi yerlərdən biridir. Bu göl Tyan-Şan Milli parkının ərazisində yerləşir. Yüksək dağların əhatəsindədir və paytaxt Urumçidən təxminən 2 saatlıq məsafədədir. “Səma gölü” mənasını daşıyan bu təbiət incisi Azərbaycandakı dağ göllərini xatırladır. Göl dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir və 5 min kv.km əraziyə malikdir.

Həmkarlarımızla görüş…

Bununla belə media nümayəndələrini qarşıda Sincan-Uyğur Muxtar Bölgəsinin (XUAR) Xarici Əlaqələr Ofisinin təşkil etdiyi görüş maraqlı və yaddaqalan oldu. Birgə müzakirələr, mediada yeniliklər, dünyada gedən proseslərin təhlili görüşə xüsusi rəng qatdı. Bir sözlə, Vilayətin xarici işlər dəftərxanası tərəfindən təşkil olunmuş çinli həmkarlarımızla və Çin Kommunist Partiyasının Sincan – Uyğur muxtar rayonunu üzrə departament rəisinin müavini Syuy Quysun ilə yaddaqalan görüşlərimiz oldu. Görüşdə cənab Syuy diqqəti terrorizm və ekstremizm ilə mübarizəyə yönəltdi və ötən əsrin 90-cı illərindən 2016-cı ilədək bu regionda baş verən hadisələri xatırlatdı. Dini ekstremizmin kənar güclər tərəfindən qızışdırılması və bu hadisələrin xarici mediada qərəzli şəkildə işıqlandırılması Çinin nüfuzuna böyük xələl gətirdi. Syuy Quysun bildirdi ki, həmin mərkəzlərin hansısa toplama düşərgələri kimi təqdim edilməsi anti-Çin təbliğatının təzahürüdür.

Azərbaycanlı jurnalistlər də ölkəmizin 30 il ərzində erməni terroruna və separatçılığına məruz qaldığını, şəhərləri və kəndləri məhv etdiyini diqqətə çatdırdılar. Qərb KİV-lərinin Azərbaycana qarşı bu gün də qarayaxma kampaniyası apardıqlarını qeyd etdik. Onu da xüsusi olaraq vurğuladıq ki, Bakı və Pekin daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyiblər.

Daha sonra qarşılıqlı şəkildə xatirə fotosu çəkildi və Azərbaycan nümayəndə heyəti XUAR Xarici İşlər Ofisinin təşkil etdiyi ziyafətə qatıldılar.

Sincan barədə bir neçə söz…

Əgər əvvəllər Sincan – Uyğur muxtar rayonu iqtisadi və texnoloji cəhətdən Çinin digər əyalətlərindən geri qalırdısa, bu gün bütün istiqamətlərdə sürətli inkişaf templəri müşahidə edilir, şəhər müasir memarlığı və infrastrukturu, göydələnləri, çoxsaylı müəssisələri, otelləri, ecazkar təbii landşaftı olan böyük meqapolisdir. Yerli əhali, biznesmenlər, sərmayələr üçün yaradılan əlverişli mühit göz qabağındadır. Sincan sürətli templərlə inkişaf edir.Son illərdə rayonun yerli büdcəsinin 70 faizi əhalinin rifahının yüksəldilməsinə və hərtərəfli inkişaf tədbirlərinin həyata keçirilməsinə yönəldilib.

Urumçidən Lanjuya…

Azərbaycan nümayəndə heyəti səfərin 3-cü günü Urumçi Beynəlxalq Hava Limanından Qansu əyalətinin Lanju şəhərinə yola düşdük. Burda iki günlük səfər başladı, öncə Lanju Kimya Sənaye Parkını, eləcə də Lanju yeni rayon sərgi salonunu ziyarət etdik. Sözün əsil mənasında, tanışlıqlar hərəsi bir xatirə oldu bizim üçün. Günün sonunda isə Qansu Əyaləti Xarici İşlər Ofisinin təşkil etdiyi iş yeməyinə qatıldıq. Ziyafətdə Çinin aparıcı media rəhbərləri də iştirak edirdi. Səmimi söhbət və yeni tanışlıq və hər bir qonağın şərəfinə ayrı-ayrı söz deyib, badə qaldırmaq da çinlilərin adətidir. “Konvey, konvey” deyərək, hər kəslə badə qaldırmaq orda hər qonağa diqqətdir.

Haşiyə: Qonaqpərvərlik, diqqət, məclislərin yüksək səviyyədə təşkili onların nə qədər məsuliyyətli olmalarının göstəricisidir. Çində hər şeyin dəqiqliklə yerinə yetirilməsi, təkcə iş və vəzifədən irəli gəlmir, o həm də insanların xarakteridir.

Qeyd edək ki, Çinin Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə elan edilib. Çindən başlanan və Avropaya qədər uzanan yol təşəbbüsünü ölkəmiz ilk dəstəkləyənlərdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir.

"Gansu Daily Newspaper Group"dan…

Səfərin 4-cü günündə "Reader’s Digest Publishing Group" kompaniyasını ziyarət etdik. Məlumat verildi ki, məkan həm nəşriyyat evidir, həm də yeni-yeni kitabların nəşri ilə məşğul olur. Müəssisənin 5 min işçisi vardır və oxucu muzeyi kimi də fəaliyyət göstərir. Mənim üçün ən yaddaqalan görüş və tanışlıqlardan biri də "Gansu Daily Newspaper Group"da olmağımızdır. Xatırladım ki, bu Media Qrupun nəzdində qəzet, informasiy agentliyi, radio fəaliyyət göstərir. Oxucu auditoriyası milyonlarladır. Qəzet 170 min tirajla gündəlik nəşr olunur. Bu Media Qrup əyalət mediası sayılsada kifayət qədər tirajı, oxucu və dinləyici auditoriyasına malikdir. Görüşdə maraqlı fikir mübadiləsi, gələcəkdə əməkdaşlıqla bağlı ilkin razılaşmalar əldə etdik.

Həmçinin Sarı çay körpüsünü və ana abidəsini, Qansu əyalətinin Muzeyini ziyarət, Lanju İncəsənət və Elmlər Universitetində konsertə tamaşa etmək, Dunhuang İncəsənət Muzeyini ziyarət etmək səfərimizə rəng qatdı. Bir sözlə, Qansu əyaləti ilə tanışlıq, gəzintilər, görüşlər və s. şirin xatirə kimi həyat dəftərimə yazıldı.

Lanjudan Çenduya…

Səfərimizin 5-ci günü təyyarə ilə Lanjudan Sıçuan əyalətinin Çendu şəhərinə yola düşdük. Sıçuan əyaləti çox qədim tarixə qədim adət-ənənlərə malikdir. Təqribən 30 milyon əhalisi, özünün böyük sənaye potensialı, universitetləri, özünəməxsus sənətkarlıq əsərləri, zəngin mətbəxi və s.

Sıçuan əyalətinə də səfərimiz çox rəngarəng və hər görüş bizim üçün bir yenilik oldu. Media nümayəndələri ilə görüş, Sıçuan Əyalətinin Xarici Əlaqələr Ofisinin təşkil etdiyi ziyafət, Siçuan-Azərbaycan KİV-ləri arasında informasiya mübadiləsi, "Tongwei" Group Günəş Enerjisi Bazasını ziyarət, Çendu Muzeyini, Çendu kompleksi sərgi salonunu, Əkiz Qüllələri ziyarət etməyin, Kuancai Xiyabanını ziyarətin və s. özünəməxsusluğu vardı. Sıçuan əyalətinin özünəməxsusluqlarından biri də oranın pandalar məskəni kimi tanınmasıdır. Sözsüz ki, biz də pandaların mühafizə edilən və artırılan bazaya səyahət etdik. Maraqlı idi.

Mənim 3-cü dəfə Çinə səfərim çox maraqlı, çox yadaqalan olmaqla yanaşı, bu ölkə haqqında bilgilərimi, məlumatlarımı daha da zənginləşdirdi. Beləliklə Çinə 3-cü səfərim şirin xatirə kimi ömür kitabıma yazıldı.

BƏHRUZ QULİYEV,
SƏS Mediq Qrupunun rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə