“Qızların tam olaraq pulsuz təhsilə cəlb edilməsi lazımdır” - EKSPERT ŞƏRH ETDİ

“Qızların tam olaraq pulsuz təhsilə cəlb edilməsi lazımdır” - EKSPERT ŞƏRH ETDİ

“Hal-hazırda 4 min 432 orta ümumtəhsil məktəbində təhsil alan 1,6 milyon şagirdin 51 faizini qız şagirdlər təşkil edir və bugün biz görürük ki, qızların xüsusən bölgələrdən digər ərazilər təhsillə bağlı müəyyən qədər problemləri ortaya çıxır. Yəni, ən vacib məqamlardan biri məhz qızların təhsilə cəlb edilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, düzdür, ümumilikdə təhsilin əlçatanlığı tam şəkildə təmin olunub: “Biz bunu birmənalı şəkildə görə bilirik. Yəni, bizim istər ali istər orta ixtisas, istər peşə təhsili müəssisələrində hər hansı bir gender məhdudiyyəti yoxdur. Amma buna baxmayaraq təhsilin əlçatanlığının təmin edilməsində qızlarla bağlı müəyyən problemləri görə bilirik. Bu da ailələrdən qaynaqlanan bir məsələdir. Yəni, bəzən valideynlər övladlarının yaşadıqları yerdən kənarda təhsil almasında o qədər də maraqlı olmurlar. Bunun birinci səbəbi təbii ki kənara getməklə bağlı problemdirsə, ikinci səbəbi ailənin maddi vəziyyəti ilə bağlı olur. Yəni bəzən ailələrin maddi imkanı olmur ki, onlar övladlarını xüsusən ödənişli əsaslarla təhsilə cəlb etsinlər. Hesab edirəm ki, bununla bağlı xüsusi dövlət proqramı olmalıdır. Yəni, ödənişli əsaslarla təhsil alan qızlar dövlət büdcəsinin vəsaiti hesabına təhsil haqqları ödənməlidir. Qızların tam olaraq pulsuz təhsilə cəlb edilməsi lazımdır. Bu bizə sağlam ailə və savadlı ana deməkdir. Bu savadlı ananın yetişdirdiyi övladların da bilik və bacarıqları kifayət qədər yaxşı olacaq.

Ona görə hesab edirəm ki, bizim ali təhsil müəssisələrində, orta ixtisas təhsil müəssisələrində müəyyən plan yerləri, xüsusən İnformasiya texnologiyaları, Kompyuter elmləri, Kompyuter mühəndisliyi kimi ixtisaslarında plan yerlərinin müəyyən bir qismini biz xanım abituriyentlərə ayırmalıyıq. Yəni, qızların təhsilinə xüsusi diqqət yetirmək lazımdır. Bu cəmiyyətin inkişafı üçün də vacibdir. Çünki bəzən biz görürük ki, məhz qadınların təhsilinin zəif olması, və yaxud da ümumiyyətlə olmaması gələcəkdə onların nikah münasibətlərinə öz mənfi təsirini göstərir, və yaxud da ki əmək münasibətlərinə cəlb ediləndə müəyyən qədər problemlər ortaya çıxardır.

Birmənalı şəkildə qızların təhsili ilə bağlı xüsusi proqram yaradılmalıdır. Həmçinin bölgələrdə təhsil müəssisələrinin sayı artırılmalıdır. Yəni, bu günləri biz görürük ki, misal üçün Bakıdan Lənkərana qədər olan ərazidə yalnız bir dənə təhsil müəssisəsi var. Bu ərazidə, məsələn, Neftçala və Salyan ərazisində ali təhsil müəssisəsi açılmalıdır və yaxud da ki Mərkəzi Aran ərazisində ali təhsil müəssisəsinə ehtiyac var. O ərazilərdə yalnız ən yaxın ali təhsil müəssisəsi Gəncədədir. Ali təhsil müəssisələrinin bölgələrdə sayını artırmalıyıq ki, valideynlər də övladlarının yaxın ərazidəki təhsil müəssisələrinə getməsində maraqlı olsunlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə