"Haram və günahlardan çəkinməliyik" - QURUM RƏSMİSİ AÇIQLADI

"Haram və günahlardan çəkinməliyik" - QURUM RƏSMİSİ AÇIQLADI

“Haram qazanca dinimizdə birmənalı olaraq qadağa qoyulur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, insan günah yolla başqasının haqqını mənimsəyib qazanc əldə etməməlidir: “Dünyada belə faktlar var. Biz bunu müşahidə edirik. Haram yolla qazanılan haqsız qazancdan biri rüşvətdir. Yetimin, yoxsulun, kiməsizin haqqını təcavüz edənlər az deyil. Buna bənzər hadisələr çoxdur. Bunların hər biri haram və günahdır. Allah bizi halal qazanca dəvət edir. Peyğəmbərimiz də öz hədisində buyurur ki, halal yolla qazanc əldə edin, haramlardan çəkinin. Peyğəmbər öz həyatında insanların halala meyl etməsi üçün çoxlu nümunələr göstərmişdir. Xüsusən də Peyğəmbərin vida xütbələrinin birində ən ciddi şəkildə onun dönə-dönə təkrar etdiyi haramlardan çəkinmə hədisidir.

Faizə pulun verilməsi də haramdır. Bununla hər iki tərəf günah qazanmış olur. İmkan sahibləri möhtaclara faizə pul verərdi. Onun müqabilində də artıq pul tələb edərdi. Bu çox günahdır. Borc vermək savabdır. Allah bunun üçün insanlara mükafat verir. Amma təəssüflər olsun ki, bəziləri insanların sıxıntısından istifadə edir. Onlar görür ki, bir insan məcbur qalıb borca düşüb, bu halda faiz məsələsini qaldırır. Bu səbəbdən insanlar arasında dava-dalaş olurdu. Hətta faciələr də baş verirdi.

Haram və günahlardan çəkinməliyik. Əgər çəkinməsək, cavabını həm bu dünyada, həm də qiyamət məhkəməsində verəcəyik. Allah bizi halallara yönəltsin və haramlardan uzaq etsin. Allah hər birimizə halal ruzi nəsib etsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə