Dələduzluq, yoxsa küçə mədəniyyəti? - ARAŞDIRMA

Dələduzluq, yoxsa küçə mədəniyyəti? - ARAŞDIRMA

Bilirik ki, mədəni insanlarla yanaşı, mədəniyyətsiz insanlara hər yerdə rast gəlinir. Bu kimi insanlar sizin rəhbəriniz, qohumunuz, müdiriniz, əməkdaşınız və yaxud tabeçiliyinizdə olan işçilər ola bilər. Bəs bu insanlar hansı xüsusiyyətlərə sahibdir? Onlarla necə mübarizə aparmalıyıq?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Mədəni insan hansı xüsusiyyətlərə sahib olmalıdır?

Mədəni insan o şəxsdir ki:

- başqa insanların şəxsi fikirlərinə və həyatına müdaxilə etmir. Bu, hətta onun ən yaxını olsa belə, müəyyən sərhədləri gözləyərək yerini bilir;

- sadə insanlara yüksək vəzifələrdə olanlardan daha çox, yaxud ən az onlar qədər hörmət edir. Günümüzdə yüksək vəzifə sahibinə yaltaqlanıb, kasıbı əzən, ona ağlına gələn hər sözü deyənlər az deyil;

- özü ilə yanaşı qarşısındakına da hörmət edir;

- heç kimə şəxsi sual vermir. İnsanlar anlamalıdır ki, başqasına verdiyi şəxsi sualın cavabı onu maraqlandırmamalıdır. Adı üstündə bu məsələ şəxsidir;

- hər suala birdən çox cavab verir. Ona verilən sualları yolaverdi yox, ətraflı şəkildə təmkinlə cavablayır;

- problemlərini danışaraq həll edir. Belə insanlar yersiz dava və münaqişədən çəkinir;

- insanlara xarici görünüşünə görə dəyər vermir. İnsanları ruhuna və xarakterinə görə sevirlər;

- heç kimdən heç nə ummur. Qarşılıq gözləmədən yaxşılıq edir;

- doğru danışmağı və düzgünlüyü qarşısına məqsəd qoyur;

- sıra mədəniyyətini gözləməyi bacarır;

- səhvi olduğu halda üzr istəməkdən çəkinmir;

- ondan fərqli düşünən insanları qınamır;

- avtomobil idarə edərkən yersiz siqnal siqnal çalmaqdan çəkinir;

- heç kimi dininə və irqinə görə tənqid etmir.

Bəs, mədəniyyətsiz insanlar kimlərdir?

- yerə zibil atanlar: Son zamanlar Bakının mərkəzi, eləcə də digər daxili yollarının kənarlarının zibillənməsi halı artıb. Ətraf mühitin qorunulması ilə bağlı dövlət tərəfindən bir sıra tədbirlər görülsə də, təəssüflər olsun ki, bəzi vətəndaşlarımız istər parklarda, istərsə də dənizdə və digər yerlərdə ətrafa tullantılar ataraq, ərazini zibilləyirlər.

Ölkə ərazisində ətraf mühiti çirkləndirənlərə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələr tətbiq olunur. Bura küçəni, su hövzələrini, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmaq aiddir.

Ərazinin zibillənməsi halları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib edilir. Məcəlləyə görə, məişət tullantılarını zibil qutularından kənara atılması hallarına görə 50 manat cərimə nəzərdə tutulub. Qutular qanunla müəyyən edilmiş məsafədən uzaq yerləşdirilibsə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə edilə bilər.

Zibilin yandırılaraq, atmosferə zərərli maddələrin atılması halında 8500 manatadək cərimə tətbiq edilə bilər. İctimai nəqliyyatdan istifadə zamanı da tullantılarla yanlış davranışa görə cərimələr nəzərdə tutulur.
- Magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir. Meşələri zibilləndirən və çirkab suları ilə çirkləndirilməsi halında fiziki şəxslər üçün 600-1000 manat, vəzifəli şəxslərə 2000-3000 manat, hüquqi şəxslərə 6000-8000 manat cərimə nəzərdə tutulur”.

- Yüksək səslə danışanlar

İctimai nəqliyyatda yüksək səslə danışmaq, gülmək, insanlara qarşı kobudluq etmək qəbuledilməz və etik qaydaların kobudcasına pozulmasıdır. Həmçinin bəzi vətəndaşların istənilən yerdə avtobus sürücüsündən maşını saxlamağı tələb etməsi də yol mədəniyyətinə zidd hərəkətdir.

Avropa və dünyanın bir çox ölkələrində kəskin şəkildə, qanun formasında ictimai davranış qaydalarını pozan şəxslərə qarşı cəzalar tətbiq edilir. Məhz bu cür sərt cəza və ictiami qınağın tətbiq edildiyi ölkələrdə nəinki cəmiyyət içərisində, öz evlərində belə insanlar ətrafdakıların narahatlığına səbəb olacaq hərəkətlərdən qaçırlar.

- Sosialda və realda söyüş söyənlər

Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri böhtan və təhqirlə bağlı məsuliyyətləri müəyyən edir. Həmçinin, Konstitusiyada birbaşa müəyyən edilib ki, hər bir şəxsin şərəf və ləyaqətinin toxunulmazlığı hüququ var. Kiminsə şərəf və ya ləyaqətinin pozulmasına, alçaldılmasına, qeyri-insani rəftara görə cəzalar müəyyənləşdirilib. Sosial şəbəkələrdə söyüş söymək də təhqir hesab edilir. Mövcud qanunvericiliyə əsasən, təhqirə görə birbaşa məhkəməyə müraciət olunur. Təhqirə məruz qaldığını bildirən şəxs xüsusi ititham qaydasında məhkəməyə müraciət edib sosial şəbəkədə istifadəçi profili məlum olan şəxsin cinayət məsuliyyətinə xüsusi ittiham qaydasında cəlb edilməsini tələb edə bilər.

Cinayət Məcəlləsinin 148-1-ci maddəsi məhz saxta profillərlə bağlı məsələni nəzərdə tutur. Belə ki, əgər istifadəçinin şəxsiyyətini müəyyən etmək mümkün olmursa, şikayətçi ərazi üzrə ictimai-xüsusi ittiham qaydasında prokurorluğa müraciət etməlidir. Prokurorluq orqanı istifadəçinin kimliyinin müəyyən edilməsi məqsədilə araşdırma aparır, müvafiq İP ünvanları müəyyən edilir və saxta profildən istifadə edərək təhqir edən şəxsin kimliyi müəyyən edilir. Bundan sonra həmin şəxsin prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilir.

Küçədə və digər yerlərdə söyüş söyməklə müşayiət olunan nalayiq hərəkətlər ictimai asayişin pozulması və digər əsaslarla olarsa, bu zaman Cinayət Məcəlləsinin 221-ci, yəni xuliqanlıq maddəsinin də tərkibi yarana bilər. Lakin söyüş internetdə, sosial şəbəkələrdə ifadə edilibsə, bu birbaşa təhqir hesab edilir. Qanunvericiliyə əsasən, sosial şəbəkələrdə hər hansı fərd və ya toplumun, eləcə də dövlət qurumunun təhqir edilməsinə görə nəzərdə tutulmuş hüquqi məsuliyyətdə fərq yoxdur.

- qarşısındakı insanı dinləməyənlər;
- başqalarını yersiz tənqid edənlər;
- sıra mədəniyyətini gözləməyənlər;
- xoş üzdən sui-istifadə edənlər;
- özündən böyüklərə nəzakətsiz davrananlar;
- ona aid olmayan söhbətə müdaxilə edənlər;
- biri telefonla danışarkən yanında oturub israrla dinləyənlər;
- başqa insanların ailə işlərinə müdaxilə edənlər.

Çeynədiyi saqqızı yerə atanlar

2012-ci ildə edilən araşdırmaya görə, qardaş Türkiyədə aylıq saqqız istehlakı 740 ton ətrafındadır. Burada saqqız çeynəyən 43 milyon insan var.

Ətraf mühitin çirklənməsi nəzərə alınmadan çeynənilib atılan saqqız quşların tələf olmasına səbəb olur. Quşlar saqqızı çörək hesab edib yeməyə çalışdıqda, saqqız dimdiklərinə yapışır və dimdik qapanır. Nəticədə, bir daha heç nə yeyib içə bilmirlər. Onlar bu səbəbdən aclıqdan və susuzluqdan ölürlər. Son illərdə belə səbəblərdən, hətta bəzi quşların nəsli kəsilib.

Qurani-Kərim kainatdakı hər şeyin Allah tərəfindən insanın ixtiyarına verildiyini izah edərək, ondan varlıq aləmini qorumasını istəmişdir. O bildirib ki, quruda və dənizdə fitnə-fəsad insanların öz əlləri ilə etdiklərinə görə baş verəcək. Bu səbəbdən İslam yer üzünü fəsad etməyi, yəni təbiəti korlamağı qadağan edir. Qurani-Kərimdə: “Yer həyat üçün yararlı olduqdan sonra onun təbii tarazlığını pozmayın” əmr olunur. Təbii tarazlığın pozulması əhatəsinə düşən məsələlərdən ən mühümü suyun, bitkilərin, havanın və torpağın çirklənməsidir. İslam bunu qəti şəkildə qadağan edir. Şübhəsiz ki, bununla bütün canlıları qoruyur ki, bu da kainatdakı hər bir canlı və cansız varlığın haqqıdır. Hər kəsin haqqına hörmət etmək, hər kəsə haqqını vermək müsəlman üçün vacibdir.

Bununla yanaşı, yerə atılan və günəşin istisi ilə əriyən saqqız bir çox vətəndaşın ayaqqabısına yapışaraq ətraf mühitin çirklənməsinə səbəb olur. Bu məsələdə hər kəs həssas olmalıdır.

Hər kəs saqqızını çeynədikdən sonra zibil qutusuna atmalıdır ki, belə problemlər yaratmasın. Bu sadə görünən vəziyyət əslində böyük bir mədəniyyəti təmsil edir.

Söyüş söymək

İstifadə etdiyiniz sözlər sizin kim olduğunuzu və danışıq tərziniz sizin necə bir insan olduğunuzu göstərir. Söyüş başqalarının sizin haqqınızda mənfi düşünməsinə səbəb ola bilər.

Bəs, nə edə bilərik?

Qarşına bir məqsəd qoy

Bir ay və ya daha az müddət söyüşlərdən istifadə etməməyə çalışın. Nə qədər irəliləyiş əldə etdiyinizi görmək üçün qrafikdən və ya təqvimdən istifadə edə bilərsiniz. Ancaq qərarınıza sadiq qalmaq üçün başqa şeylər etməlisiniz. Misal üçün: Beyninizi söyüşlərlə dolduran əyləncələrdən uzaq durun.

Yetkin olduğunuzu göstərin

Bəziləri böyüdüklərini başqalarına sübut etmək üçün nalayiq sözlər işlədirlər. Amma bu, əslində, onların yetişmədiyini göstərir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə