Övladlığa götürmə hansı hallarda zəruridir? - AYDINLIQ GƏTİRİLDİ

Övladlığa götürmə hansı hallarda zəruridir? - AYDINLIQ GƏTİRİLDİ

"Övladlığa götürmə müxtəlif hallarda baş verir. Adətən, vətəndaş nikahından dünyaya gəlmiş uşaqlar, valideynlərin evlənmələrinə razı olmadıqları halda, iki gəncin öz aralarında baş vermiş münasibətdən dünyaya gəlmiş uşaqlar, valideynlərinin biri və ya hər ikisi vəfat etmiş uşaqlar uşaq evinə yerləşdirilir. Bəzən ana çox erkən yaşda uşaq dünyaya gətirmiş olur. Fərdlərin, ana və atanın şəxsi məsuliyyət və iqtisadi məsuliyyət hissi çox zəif olur. Onların iqtisadi azadlıqları olmur. Bu kimi hallarda da körpə uşaq evinə verilir. Bir cütlüyün uşaq evindən uşaq götürməsi məhz belə uşaqların övladlığa götürülməsidir. Əslində, bu halda uşağın övladlığa götürülməsi daha məqsədə uyğundur". Bu sözləri SİA-ya psixoloq Mikayıl Əliyev deyib.

Onun sözlərinə görə, bizim cəmiyyətdə isə çox vaxt bunu qəbul etmirlər: "Daha çox qohum ailənin uşaqları övladlığa götürülür. Səbəb kimi uşağın genetikasını, başqa sözlə, əslini-nəslini bildiklərini söyləyirlər. Yəni "Ot kökü üstündə bitər” deyərək, gələcəkdə var-dövlətin ona qalması, onu övladlığa götürmüş valideynlərə qocalıq dövründə baxması kimi məsələ də ortaya qoyulur. Təbii ki, bunun müsbət tərəfi var”.

Mütəxəssis bildirib ki, övladlığa götürüldüyü, uşağa deyilməlidir: "Bu məsələ uşaqdan gizli saxlanılmamalıdır. Ümumiyyətlə, bu məsələnin uşağa deyilmə yaşı 4-7 yaş arasıdır. Bu məsələ ailənin özü tərəfindən deyil, çox yaxşı olardı ki, hansısa bir psixoloq dəstəyi vasitəsilə həyata keçirilsin. "Nəyə görə deyilməlidir” sualına gəldikdə, bilmək lazımdır ki, insanın həyatda ilk qazanmış olduğu duyğu güvən hissidir. Bu duyğu ana bətnindən başlayır. Uşaq sonradan biləndə ki, mən bu ailənin övladı deyiləm, o halda, uşaqda güvən duyğusu sarsılmış olur. O baxımdan, məsələnin psixoloq vasitəsilə açılması daha yaxşıdır. Burada bir peşəkar dəstəyi məhz ona görə lazımdır ki, uşağın bunu yad insanlar tərəfindən eşitməsi onun stress keçirməsinə səbəb olacaq. Uşaq təşvişli ola bilir. Bu halda isə özünə daha çox qapanır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə